Noyabrda Azərbaycanda banklardan kənarda olan nağd pul kütləsi, yəni M0-ın həcmi artaraq tarixi maksimum 13 mlrd. manata yüksəlib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, banklarda olan nağd pul kütləsinin həcmi son bir ayda 184 mln. manat, yaxud 1.3% artımla 12 mlrd. 726.8 mln. manata yüksəlib.
İlin əvvəlində 10 mlrd. 940.8 mln. manat idi. Beləliklə, 2022-ci ildə banklardan kənarda dövr edən nağd pul kütləsinin həcmi 1 mlrd. 784.9 mln. manat artmış olub.
Ümumilildə isə ölkənin dövriyyəsində 14 mlrd. 163.7 manat nağd pul kütləsi var.
AMB bildirir ki, ölkə üzrə geniş mənada pul kütləsi (M3) 41 mld. 732.5 mln. manat, M2 pul aqreqatı 28 mlrd. 664.2 mln. manat və M1 pul aqreqatı isə 24 mlrd. 532.7 mln. manat təşkil edib.
Xatırladaq ki, AMB faiz dərəcəsinə dair son press-relizində bildirmişdi ki, cari ilin sentyabr ayından başlayaraq daimi imkan alətlərinin işə düşməsi, banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun saxlanılmasına başlanılması və oktyabrın əvvəlindən başlayaraq 1, 3, 6 və 9 aylıq notlarla sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi monetar şərait vasitəsilə inflyasiya təzyiqlərinin azaldılmasına yönəldildilib.
Tarix | Həcm, mln. Manat |
dekabr 2021 | 10,940.8 |
yanvar 2022 | 10,284.3 |
fevral 2022 | 10,482.6 |
mart 2022 | 10,525.2 |
aprel 2022 | 10,835.5 |
may 2022 | 11,252.0 |
iyun 2022 | 11,712.4 |
iyul 2022 | 12,146.5 |
avgust 2022 | 12,169.3 |
sentyabr 2022 | 12,301.5 |
oktyabr 2022 | 12,542.8 |
noyabr 2022 | 12,726.8 |
Pul aqreqatları pul kütləsinin struktur göstəriciləridir. Bir-biri ilə likvidlik səviyyəsinə görə (tez bir zamanda nağd pul vəsaitinə çevrilə bilmə imkanına görə) fərqlənən pul və pul vəsaitlərinin növləri pul aqreqatları adlanır.
Pul aqreqatları özlüyündə ierarxik sistemi təcəssüm etdirir – hər növbəti aqreqat əvvəlki aqreqatı öz tərkibinə daxil edir.
Müxtəlif ölkələrdə pul aqreqatları müxtəlif tərkib ilə fərqlənir. BVF bütün dünya ölkələri üçün ümumi M1 göstəricisinə və daha geniş göstərici olan “kvazivalyuta”-ya (təcili və əmanət bank hesabları, bazarda dövriyyədə olan daha likvid maliyyə alətləri) malikdir.
Azərbaycan Mərkəzi bankı M0, М1, М2, М3 pul aqreqatlarına sahibdir:
М0 = dövriyyədə olan nağd pullar (qəpiklər, banknotlar).
М1 = М0 + çeklər, tələb olunanadək əmanət və depozitlər, (həmçinin bank debet kartları), təşkilatların hesablarındakı milli valyuta qalıqları.
М2 = М1 + təcili yatırımlar.
М3 = М2 + əmanət yatırımları, sertifikat və dövlət istiqrazları.
Bir sıra ölkələrdə əlavə olaraq M4 aqreqatı da istifadə olunur. Məsələn, Böyük Britaniyada M4 aqreqatı özündə dövriyyədə olan nağd valyutanın həcmini, banklar tərəfindən verilmiş kreditlərin ümumi məbləğini, həmçinin dövlət borclarının məbləğini birləşdirir.