Azərbaycanda banklardan kənarda nağd pul kütləsinin (M0 aqreqatı) həcmi 2016-cı il fevral ayının 1-nə 4 485 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi xəbərə görə, M0 aqreqatı yanvarın 1-nə nisbətən 290,9 mln. manat və ya 6,1% azalıb.
Qeyd edək ki, banklardan kənarda nağd pul kütləsi 2009-cu ildən etibarən ən minimal həddə enib. Nağd pul kütləsinin tarixi maksimal səviyyəsi isə 2014-cü il iyul ayında qeydə alınıb və 10 508,9 mln. manat təşkil edib.
Keçən ilin analoji dövrü ilə müqayisədə isə M0 aqreqatı 4 862,9 mln. manat və ya 52%, yəni 2 dəfədən çox azalıb. Bu da qlobal iqtisadi böhran fonunda əhalinin nağd vəsaitlərini operativ şəkildə xarici valyutaya konvertasiya etməsi ilə bağlıdır.
Agentliyin analitik qrupu son 7 ildə əhalinin sayının artması amilini, qlobal inflyasiya və manatın devalvasiyasını nəzərə alaraq banklardan kənardakı nağd pulun 4 mlrd. manatdan aşağı düşməyəcəyini ehtimal edir.
Report