Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “AzPul” MMC bank olmayan kredit təşkilatı (BOKT) arasında biometrik texnologiya əsasında şəxsin kimliyini müəyyən edərək, həmin şəxsin sorğusu əsasında e-imza sertifikatlarının verilməsi həlli ilə bağlı müqavilə imzalanıb.
Bu barədə nazirlik məlumat yayıb.
Müqaviləyə əsasən, “AzPul” kiçik məbləğli kreditlər verilərkən vətəndaşın şəxsiyyəti real vaxt rejimində biometrik eyniləşdirmə vasitəsilə müəyyənləşdirəcək və ona kredit müqaviləsini imzalamaq üçün birdəfəlik elektron imza sertifikatı təqdim edəcək.
Qeyd olunan həll üztanıma və açıq açar texnologiyasını özündə birləşdirir. Bu texnologiyadan istifadə edərək elektron imza tələb olunan istənilən əməliyyatı məsafədən, onlayn formada aparmaq mümkündür. Biometrik texnologiyaya əsaslanan bu həll vasitəsilə aparılan bütün əməliyyatlar avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bu da istifadəçilərə operativlik qazandırır.
Həllin təhlükəsiz, avtomatlaşdırılmış və operativ olması istifadəçilərlə yanaşı, xidmət təklif edən qurumlar üçün də böyük üstünlüklər yaradır. Belə ki, bu həll tərəfdaşlara öz xidmətlərinin inkişaf etdirilməsi üçün aşağıdakı imkanları verir:
• Real vaxt rejimində müştərinin elektron imza sertifikatı əldə etməsi;
• Məkandan və zamandan asılı olmadan xidmətdən istifadə;
• Saxtakarlıq hallarının qarşısının alınması (şəxsin xəbəri və iştirakı olmadan adına əməliyyat aparılması mümkünsüzdür);
• Sistemin istənilən cihaza inteqrasiyası;
• Real vaxt rejimində məlumatların əldə edilməsi.
Təklif edilən həll istər dövlət, istərsə də özəl sektorun təmsilçiləri tərəfindən istifadə oluna bilər. Ölkəmizdə rəqəmsal transformasiyaya keçid bu texnologiyadan istifadəni daha aktual edir.