Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.
Banker.az Qafqazinfoya istinadən xəbər verir ki, cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.








