Bu ilin iyun ayında Azərbaycanın mobil telefonları bazarında “Samsung”un payı may ayı ilə müqayisədə 0,76 faiz bəndi azalıb.
“Global Stats” statistika mərkəzinin hesabatına əsasən, bu ilin iyulun 1-nə “Samsung”un ölkə üzrə bazar payı 41,7% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 1 faiz bəndi azdır.
Populyarlığına görə “Samsung” ölkənin mobil telefon bazarında lider olaraq qalır.
Bu ilin iyun ayında “Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı may ayı ilə müqayisədə 0,36 faiz bəndi artıb. Bu göstərici bu ilin iyulun 1-nə olan məlumata görə 34,1% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 0,4 faiz bəndi çoxdur.
Üçüncü yerdə bazar payı 17,2% olmaqla “Apple” şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı bu ilin iyununda (may ayı ilə müqayisədə) 0,77 faiz bəndi artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 2,77 faiz bəndi çoxdur.
Digər mobil telefon istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: “Huawei” – 3,86%, “Realme” – 0,67%, naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 0,5%, “Lenovo” – 0,26%, “Tecno” – 0,19%, LG – 0,21%, “Nokia” – 0,15% və s.