Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı benzinlərin 20%-dən çox bahalaşması ölkədə hibrid avtomobillərdən istifadənin genişləndirilməsini bir qədər də aktuallaşdırdı. Bununla belə, sözügedən avtomobillər benzinlə işləyən avtomobillərlə müqayisədə baha olduğundan, yəni hər kəsin cibi üçün uyğun olmadığından maşın həvəskarları dizel yanacağı ilə işləyən avtomobillərə də yönələ bilər.
Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, benzinin bahalaşmasının avtomobil bazarına təsiri yaxın aylarda hiss olunmayacaq: “Sözsüz ki, həm hibrib (ekoloji təmiz), həm də dizel yanacağı ilə işləyən avtomobillərə tələbat artacaq. Amma bu o demək deyil ki, həmin avtomobillərin qiymətləri kəskin artacaq. Payıza qədər bazarda ciddi dəyişiklik olmayacaq”.
Onun sözlərinə görə, hazırda avtomobil bazarında qiymətlər sabitdir: “Bunu həm 1-ci, həm də 2-ci əl avtomobil bazarına şamil etmək olar. Yeni avtomobillərdən tələb daha çox mühərrikinin həcmi 1 500 – 2 500 kubsantimetr olan krossoverlərədir. İşlənmiş avtomobillərdən isə alıcıların seçimi daha çox mühərrikinin həcmi 1 500 kubsantimetr civarında olan avtomobillərdir. Ümumiyyətlə, Azərbaycanda xidmət mərkəzi olan, ehtiyat hissələri və ustaları rahat tapılan avtomobillərin alqı-satqısı daha sürətli həyata keçirilir”.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) nümayəndəsi Eyyub Əliyevin fikrincə, yüksək oktanlı benzinlərin bahalaşması 1-ci əl avtomobil bazarında qiymətlərə elə də təsir etməyəcək: “2-ci əl avtomobil bazarında isə “Aİ-95” markalı benzin ilə işləyən maşınlar ucuzlaşacaq. Nümunə olaraq qeyd edə bilərəm ki, söhbət əsasən ölkəmizdə geniş yayılmış “Ford Fusion”, “Chevrolet Cruz” kimi avtomobillərdən gedir. Yaxın günlərdə bu avtomobillərin qiymətlərində 1 000-2 000 manat azalma müşahidə edəcəyik. Hətta onu deyə bilərəm ki, həftə sonu maşın bazarında bu model avtomobillər satışda üstünlük təşkil edə bilər”.
E.Əliyev yeni avtomobillərin qiyməti ilə bağlı ortaya çıxan problemlərə də toxunub: “Avropadan və Yaponiyadan məhsul gətirən bir çox yeni avtomobil salonlarında pandemiya ilə bağlı zavodlardan maşın çatdırılmalarında gecikmələr var. Bu baxımdan salonlar avtomobil təminatında bir çox çətinlik çəkirlər. Belə ki, pandemiya ilə bağlı avtomobil detalları hazırlayan bir sıra zavodların fəaliyyəti tam dayanmışdı. Bu səbəbdən avtomobil sifarişləri gecikirdi. Buna görə, salonlara yeni avtomobillər çox məhdud sayda gəlir. Bu problemin ilin sonuna kimi həll ediləcəyi gözlənilir”.