9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda benzinlə işləyən avtomobillərə qadağa qoyulacaq? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Çin benzin və dizellə işləyən avtomobillərdən mərhələli şəkildə imtina edəcəyini açıqlayıb.

Ölkənin Haynan əyaləti 2030-cu ilə qədər daxili yanma mühərrikli avtomobillərin qadağan ediləcəyi ilk əyalət olacaq.

Maraqlıdır, Azərbaycanda da benzinlə işləyən avtomobillərdən imtina etmək mümkündürmü? Hazırda üstünlük ən çox hansı avtomobillərə verilir?

Mövcud suallarla bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, BMT-nin təşəbbüsü ilə atmosferə buraxılan zərərli qazların, xüsusən də karbon qazının buraxılmasının qarşısını almaq məqsədi ilə ölkələr zərərli qazların atmosferə buraxılmasının azaldılması istiqamətində müəyyən işlər aparacaqlarına dair öhdəlik götürüblər:

“Bu işlərdən biri də nəqliyyat vasitələrinin havaya buraxdığı zərərli qazların miqdarının azaldılmasıdır. Əsasən benzin və dizellə çalışan avtomobillər atmosferə daha çox zəhərli qazları buraxır. Bu da özlüyündə iqlimə, insan sağlamlığına pis təsir edir. Avropa İttifaqı ölkələrində artıq qərar qəbul edilib ki, 2030-cu ilə qədər həmin ölkələrdə dizel və benzin mühərrikli avtomobillərin satışı, həmçinin istismarı qadağan olunsun. Həmin ölkələrdə əsasən hibrid, elektrik və hidrogenlə çalışan avtomobillər istifadə olunacaq.

Qeyd etmək lazımdır ki, Azərbaycanda da bu istiqamətdə konkret işlər görülür. Ölkəmizdə hibrid, elektriklə işləyən avtomobillərin də vətəndaşlar tərəfindən istifadəsini stimullaşdırmaq üçün yanvar ayının 1-dən etibarən ölkəmizə idxal olunan bu cür ekoloji təmiz nəqliyyat vasitələrinin idxal zamanı əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı qərara qəbul olunub. ƏDV-dən azad edilmək təbii ki, az da olsa qiymətlərin ucuzlaşmasına gətirib çıxarır. Bu da vətəndaşlar üçün həmin avtomobilləri maraqlı edir.

Düşünürəm ki, bundan sonra da ölkəmizə idxal olunan hibrid avtomobillərin və elektromobillərin rüsumları bir qədər də azaldılacaq. Eyni zamanda bu avtomobillərin kredit şərtləri də sadələşdirilib. İndi elektriklə çalışan, ya da hibrid avtomobil almaq istəyən vətəndaşlar üçün kredit şərtləri daha sadədir, ilkin ödənişlər azaldılıb”.

Ekspert qeyd edib ki, bazar araşdırmalarına görə, yeni avtomobil almaq istəyən vətəndaşlar ilk növbədə ekoloji təmiz avtomobillərlə, yəni konkret olaraq hibrit avtomobillərlə maraqlanırlar:

“Dövlət tərəfindən yenidən müəyyən güzəştlər tətbiq edilsə, vətəndaşlarımız hibrid avtomobillərə daha çox üstünlük verəcəklər. Hibridlər artıq bizim ölkəmizdə də populyardır. Düşünürəm ki, gələn ildən elektriklə çalışan avtomobillər də Azərbaycanda populyarlaşa bilər. 2023-cü ildən Azərbaycanda avtomobillərin elektrikləşməsi prosesinə keçid dövrü başlayacaq. Bu dövrə ən rahat, həmçinin də iqtisadi cəhətdən daha qənaətcil olan avtomobillərə keçid deyə bilərik.

Təkcə yeni avtomobillərdə deyil, ikinci əl avtomobillərdə də vətəndaşlar mühərrik həcmi kiçik olan avtomobillərə daha çox üstünlük verirlər. Qeyd etmək lazımdır ki, A295 və A2-98 markalı benzinin qiyməti yüksəldikdən sonra vətəndaşlar həm hibrid avtomobillərə, həm də mühərrik həcmi kiçik olan avtomobillərə üstünlük versə də, eyni zamanda dizel mühərrikli avtomobillərə də üstünlük verirlər”.

 

 

Son xəbərlər
Digər xəbərlər