Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin təşəbbüsü və təşkilatçılığı ilə Türkiyənin təcrübəli sığorta təlimçilərinin genişmiqyaslı təlim proqramı Azərbaycanda həyata keçirilir.
ASA-dan Banker.az-a verilən məlumata görə, təlimlərə noyabr ayından start verilib. Çox sayda dinləyicinin iştirak etdiyi təlimin ilk istiqaməti sığorta sektoru üzrə aktuar ixtisasına həsr olunub. Sığortaçıların maliyyə dayanıqlığının təmin edilməsində əhəmiyyətli rolu olan aktuar təlimləri beynəlxalq təcrübəyə uyğun şəkildə həyata keçirilir. Azərbaycan Respublikası Mərkəzi Bankının önəmli layihələrindən biri olan risk əsaslı tənzimləmə və nəzarətə keçid addımlarının atılmasında aktuarilərin bilik və bacarığının artırılması, eyni zamanda beynəlxalq təcrübəyə uyğunlaşdırılması bu təlimlərin önəm və mahiyyətini təsdiq edən başlıca faktorlardandır.
Bildirilir ki, növbəti aylarda sektordakı Solvency II, IFRS-17, anderraytinq, təkrarsığorta, zərərlərin tənzimlənməsi, müstəqil ekspertlər, satış, marketinq və digər bu kimi vacib istiqamətlər üzrə də təlimlərin həyata keçirilməsi planlaşdırılır.
Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və TSEV – Türk Sigorta Enstitüsü Vakfı arasında əldə olunmuş razılığa əsasən reallaşdırılan bu layihənin əsas məqsədi sığorta sektorunda kadr potensialının inkişaf etdirilməsi, peşəkar kadrların sayının artırılması və bütün bu faktorların uğurlu nəticəsi olaraq ölkədə sığorta sektorunun dayanıqlı inkişafının təmin olunmasına, nəticədə sığorta xidmətləri istehlakçılarının hüquqlarının qorunmasına töhvə verməkdir.
Bu təlim proqramları vasitəsilə aktuar ixtisası da daxil olmaqla prioritet istiqamətlər müəyyən edilərək sığorta sahəsində çalışan kadrların nəzəri bilik və bacarıqlarının artırılması, həmçinin praktiki vərdişlərin inkişaf etdirilməsi qarşıya hədəf kimi qoyulub. Təlimlər sığorta sektoru ilə yanaşı digər qurumlarda çalışan oxşar bilik və bacarıqların tələb olunduğu kadrları, habelə minimum tələblərə cavab verən şəxsləri də əhatə edir.