7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bir məktəbin 8 müəllimi koronavirusa yoluxdu – tədris dayandırıldı

Koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.

Ümumi təhsil müəssisələrində koronavirusla bağlı vəziyyətə dair Təhsil Nazirliyinin açıqlamasında bu barədə məlumat yer alıb. Nazirlikdən verilən məlumata görə, müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.

Xatırladaq ki, ölkəmizdə pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə uyğunlaşdırılmış tədris planları əsasında təşkil edilir.

MənbəBaku.ws
Son xəbərlər
Digər xəbərlər