2024-cü ilin IV rübü üzrə sorğu nəticələrinə əsasən, Azərbaycanda mikro və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda dəyişiklik olmasa da, kiçik və orta sahibkarlıq subyektləri üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrində qeyd edilir.
Banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən mikro və iri sahibkarlıq subyektləri üzrə kredit standartlarında dəyişiklik olmayacağı, KOS subyektləri üzrə isə standartlarda sərtləşmənin davam edəcəyi qənaətindədirlər.
Banklar biznes kreditləri üzrə standartlarda dəyişikliklərin əsasən yuxarı riskli kreditlərə tətbiq olunan marja və kreditlərin maya dəyərinin artımı formasında olduğunu qeyd ediblər.
Sorğuda iştirak edən bankların cavablarına əsasən, 2024-cü ilin IV rübündə MKOS və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə tələbdə artım müşahidə edilib.
Respondentlər tərəfindən tələbə artırıcı təsir edən amilin biznes subyektləri üzrə dövriyyə kapitalına ehtiyacın olması bildirilib. Banklardan gələn məlumatlara əsasən dövriyyə kapitalı ehtiyaclarının artımın əsas səbəbi borcalanların bizneslərini genişləndirməsidir. Banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən MKOS subyektləri üzrə kredit tələbində dəyişiklik olmayacağını gözləyirlər.
2024-cü ilin IV rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər bankların risk iştahaları və maliyyələşmə dəyəri olub.
Bütövlükdə sorğu nəticələri bankların biznes portfeli üzrə artım tempinin növbəti rüb də davam edəcəyini göstərir.