32 C
Baku
Friday, May 30, 2025

Azərbaycanda BOKT-lər bazarda pay itkisi ilə üzləşir

2025-ci ilin mart ayının sonuna Azərbaycandakı bank olmayan kredit təşkilatlarının cəmi aktivləri (Aqrarkredit QSC istisna olmaqla) 938.9 milyon manat təşkil edib ki, bu da onların 29.68 mlrd. manatlıq kredit bazarındakı paylarını son rübdə 6.2 faizdən 6.1 faizə endirib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 5.5% və ya 54.4 milyon manat azalıb. İlin əvvəlində bu rəqəm 993.3 milyon manat idi. Aktivlərin əsas kiçilmə səbəbi kreditlər üzrə məqsədli ehtiyatların artmasıdır.

Əsas fəaliyyət sahəsi olan müştərilərə verilən kreditlər cüzi artaraq 808.3 milyon manatdan 813.0 milyon manata çatıb. Lakin kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyatlar kəskin artaraq 91.5 milyon manatdan 161 milyon manata yüksəlib. Nəticədə, xalis kredit portfeli 716.9 milyon manatdan 652.1 milyon manata düşüb.

Nağd vəsaitlər 2.3 milyon manatdan 4.6 milyon manata yüksələrək iki dəfədən çox artıb. Banklarda yerləşdirilmiş müddətli depozitlərin həcmi də artaraq 5 milyon manatdan 7.1 milyon manata çatıb. Digər tərəfdən, cari hesablar 46.3 milyon manatdan 41.5 milyon manata qədər azalıb.

İnvestisiyalar 13.8% artaraq 87.3 milyon manatdan 99.4 milyon manata yüksəlib.  Əsas vəsaitlər 5.7% azalaraq 24.5 milyon manatdan 23.1 milyon manata enib. Qeyri-maddi aktivlər isə 9.3% artaraq 4.3 milyon manatdan 4.7 milyon manata çatıb. Digər aktivlər demək olar ki, dəyişməyərək 104.8 milyon manatdan 104.5 milyon manata enib.

Öhdəliklər üzrə də azalma qeydə alınıb. Cəmi öhdəliklər 3.7% azalaraq 536.9 milyon manatdan 517.1 milyon manata enib.

Banklardan və maliyyə institutlarından cəlb olunmuş kreditlər isə 241 milyon manatdan 239.5 milyon manata azalıb.

Bank kreditləri 158.3 milyon manatdan 163.7 milyon manata artsa da, digər maliyyə institutlarının kreditləri 82.7 milyon manatdan 75.8 milyon manata düşüb. Qiymətli kağızlar üzrə öhdəliklər isə 61.2 milyon manatdan 61.6 milyon manata cüzi artıb. Mərkəzi idarəetmə orqanlarının vəsaitləri 50%-dən çox azalaraq 20.1 milyon manatdan 10.2 milyon manata enib. Digər öhdəliklər 214.6 milyon manatdan 205.8 milyon manata azalıb.

Kapital göstəricilərində də azalma müşahidə olunub. 2025-ci ilin mart ayının sonuna BOKT-ların cəmi kapitalı 421.8 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 7.6% və ya 34.6 milyon manat azalma deməkdir.

Bölüşdürülməmiş xalis mənfəət 231.1 milyon manatdan 156.9 milyon manata enib. Bu, BOKT-ların zərər etməsi ilə əlaqəldir.

BOKT-lər ilk rübdə 63.42 mln. manat əməliyyat mənfəəti əldə ediblər ki, bu da illik 21.538 mln. manat (51.4%) artımdır. Bununla belə 93.36 mln. manatlıq problemli kreditlər üzrə ehtiyat ayırması nəticəsində BOKT-lər ilk rübü 31.62 mln. manat zərər ediblər. Halbuki, keçən il onların 32.89 mln. manat xalis mənfəəti vardı.

Son xəbərlər
Digər xəbərlər