16 C
Baku
Friday, May 2, 2025

Azərbaycanda BOKT-lər potensialını ortaya qoya bilmir

Mikro sahibkarlıq subyektlərinin əsas maliyyələşmə mənbəyi, əhatə olunan müştərilərin sayına görə, bank olmayan kredit təşkilatlarıdır (BOKT). Kredit təşkilatlarının mövcud kreditləşmə praktikasına nəzər saldıqda aydın olur ki, real sektor üzrə banklar əsasən iri və orta sahibkarlığın, BOKT-lər isə mikro və kiçik sahibkarlığın, o cümlədən özünüməşğulluğun maliyyələşdirilməsində aparıcı rola malikdir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bank tərəfindən “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədi açıqlanıb.

Son illərdə BOKT sektorunun dinamikasında əhəmiyyətli canlanma müşahidə olunur. Belə ki, bu təşkilatların kredit portfeli son 3 il ərzində 2 dəfədən çox artaraq 808 milyon manata çatıb. Bununla belə, kredit portfelinin yalnız 31%-ni biznes kreditləri təşkil edir ki, bu da bir tərəfdən mikromaliyyə fəlsəfəsinə uyğun sayılmır, digər tərəfdən isə biznes yönümlü BOKT-lərin formalaşdırılması üzrə tənzimləyici çərçivənin gücləndirilməsini zəruri edir.

2024-cü ilin sonuna olan göstəricilərə əsasən, BOKT-lərin biznes kreditlərinin 97%-i 25 min manata qədər olan kreditlərdir. Bu rəqəm mikromaliyyələşmə sahəsində onların yüksək potensialını əks etdirir. Digər tərəfdən, regionlarda filial şəbəkəsinə görə BOKT-lər aparıcı mövqedədir – onların regionlarda 238 (78%) filialı olduğu halda, bankların region filiallarının sayı 282 (58%) təşkil edir. Bu fakt BOKT-lərin regionlarda fəaliyyət göstərən  Mikro, kiçik və orta biznes subyeklərinin (MKOB) maliyyələşdirilməsində əhəmiyyətli rola sahib olduğunu göstərir.

Bununla belə, BOKT-lər aktiv vergi ödəyicisi olan biznes subyektlərinin təxminən 2%-nin maliyyələşdirilməsində iştirak edir ki, bu da sektorun potensialına uyğun fəaliyyət göstərmədiyini nümayiş etdirir.

Maliyyələşmə mənbələri və xərc strukturu

2024-cü ilin sonuna BOKT-lərin 155 milyon manatlıq öhdəliyi bank kreditləri vasitəsilə maliyyələşdirilib ki, bu da ümumi öhdəliklərin 48%-nə bərabərdir. Bank kreditlərinin həcmi illik müqayisədə 13% (18.4 milyon manat) artaraq, tamamilə rezident banklardan cəlb olunub. Bu kreditlərin 8.1 milyon manatı xarici valyutada olub.

Kapital bazarı da mikromaliyyə sektorunun əsas maliyyələşmə mənbələrindən biridir. 2024-cü ilin sonuna istiqraz emissiyası ilə maliyyələşmə üzrə qalıq məbləğ 61.2 milyon manat olub ki, bu da ümumi öhdəliklərin 19%-ni təşkil edir. Bununla belə, istiqrazlar üzrə maliyyələşmə xərcləri yüksək olaraq qalır və milli valyutada orta çəkili faiz dərəcəsi 15% civarındadır. Bu yüksək xərc əsasən BOKT-lərin risk profilindən qaynaqlanır.

Xarici mənbələrdən maliyyələşmə imkanları isə məhduddur. 2024-cü ilin sonuna qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlərin ümumi öhdəliklərə nisbəti 27.5% olub və bu vəsaitlərin 42.2%-i xarici valyutada cəlb edilib.

Milli valyutada cəlb olunmuş bank kreditləri üzrə orta çəkili faiz dərəcəsi 11.5%, istiqrazlar üzrə isə rezidentlər üçün 15%, qeyri-rezidentlər üçün 13% təşkil edir ki, bu da bankların maliyyələşmə xərclərindən daha yüksəkdir.

Xidmət çeşidi …

“Bank olmayan kredit təşkilatları haqqında” Qanuna əsasən, BOKT-lər kredit vermək, bu məqsədlə ödəniş hesabları açmaq və aparmaq, kredit kartları emissiya etmək hüququna malikdir. Onlar həmçinin borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq), lizinq, veksellərin uçotu, zəmanət verilməsi, sığorta və ödəniş agenti kimi xidmətlər göstərə bilər.

Bununla belə, özünüməşğul şəxslərə və MKOB-lara geniş spektrli maliyyə xidmətləri göstərilməsi üçün xidmət çeşidinin yenidən nəzərdən keçirilməsi və maliyyə sabitliyinə risk yaratmadan genişləndirilməsi vacib sayılır. Bu çərçivədə hesab açmadan pul köçürmələri, valyuta mübadiləsi, kommunal ödənişlərin aparılması, inkassasiya və seyf qutularında saxlanma kimi xidmətlərin əlavə olunması imkanları nəzərdən keçirilir.

Aqrar sektor…

BOKT-lər real sektorun ən riskli hissəsi olan kənd təsərrüfatına – xüsusilə ailə fermer təsərrüfatlarına və girovsuz özünüməşğul şəxslərə kredit xidmətləri təqdim edirlər. Kredit portfelinin böyük hissəsi regionlara aid edilir. Dövlət dəstək fondları tərəfindən təqdim edilən zəmanət və subsidiya mexanizmləri mikro və kiçik biznesin risklərinin azaldılması üçün vacib vasitə kimi çıxış edə bilər.

Mikrokreditlər üzrə zəmanət mexanizmlərinin daha da təkmilləşdirilməsi üçün potensial mövcuddur. Təkmilləşdirmə istiqamətləri arasında BOKT-lərin müştərilərinin zəmanətlə əhatə olunması və portfel zəmanətlərinin mikromaliyyə xüsusiyyətlərinə uyğunlaşdırılması da yer alır.

Valyuta riskləri və institusional zəifliklər

Törəmə maliyyə alətləri bazarının zəif inkişafı xarici valyutada cəlb olunan vəsaitlərin hedcinq imkanlarını məhdudlaşdırır. Bu da sektora xarici resursların cəlb edilməsinə mane olur və onun dayanıqlılığını azaldır. Beynəlxalq təcrübədə bu hallarda mərkəzi bankların hedcinq mexanizmləri yaratdığına rast gəlinir.

BOKT-lərin institusional inkişafı da məhduddur. Əsas zəifliklər risklərin idarə edilməsi, daxili nəzarət və audit sahələrində müşahidə olunur. Eyni zamanda Müşahidə Şurası və Audit Komitəsi üzvlərinin idarəetmədə aktiv iştirak etmədiyi bildirilir.

Son dövrdə tənzimləmə sahəsində addımlar atılıb. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 15 noyabr 2024-cü il tarixli Qərarı ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” təsdiqlənib və 24 noyabr 2024-cü ildən qüvvəyə minib. Bu istiqamətdə işlərin davam etdirilməsi zəruri sayılır.

Strateji baxışın və hədəflərin reallaşdırılması istiqamətində bir sıra çağırışlar mövcuddur və bu çağırışlar mikromaliyyə modeli üzrə strateji çərçivənin hazırlanmasında nəzərə alınıb. Bu çağırışlara aşağıdakılar daxildir:

  • Dayanıqlılıq: 2015–2016-cı illərdə qlobal enerji bazarındakı qiymət volatilliyi nəticəsində yaranan çətinliklər mikromaliyyə institutlarının bir sıra həssaslıq və zəifliklərini üzə çıxarmışdır. Xüsusilə, onların maliyyələşmə mənbələrinə çıxış imkanlarının məhdudluğu və makroiqtisadi şoklara qarşı zəif dayanıqlılığı diqqətə çarpır.

  • Rəqabətqabiliyyətlilik: BOKT-lər maliyyə sistemində məhdud fəaliyyət imkanlarına malikdir. Dar fəaliyyət çərçivəsi və nisbətən yüksək əməliyyat xərcləri səbəbilə maliyyə məhsul və xidmətlərini məhdud miqyasda təqdim edirlər.

  • İnklüzivlik: Həssas əhali qrupları – o cümlədən özünüməşğul şəxslər, ailə-kəndli təsərrüfatları və mikro/kiçik bizneslər – üçün maliyyə xidmətlərinə çıxış imkanlarının zəif olması inklüziv maliyyə ekosisteminin inkişafını ləngidir.

  • İnteqrasiya: Mikromaliyyə sektorunun geniş maliyyə sistemi ilə inteqrasiyası zəifdir. Yalnız məhdud sayda mikromaliyyə institutu yerli banklardan maliyyə vəsaiti cəlb edə bilir.

  • İdarəetmə: Sektor daxilində korporativ idarəetmə sistemləri yetərincə inkişaf etməmişdir.

Təhlillər göstərir ki, mikromaliyyə sektoru, o cümlədən BOKT-lər, hazırda öz potensialından tam istifadə etmir. Bununla belə, bazarın həcmi və müştəri sayı baxımından geniş inkişaf potensialı mövcuddur. Eyni zamanda, mikromaliyyə institutlarının daha dərin institusional inkişafı üçün də əhəmiyyətli imkanlar vardır.

Son xəbərlər
Digər xəbərlər