4 C
Baku
Tuesday, December 24, 2024

Azərbaycanda BOKT-lərin sayı niyə azalır?

Azərbaycanda 4 illik fasilədən sonra bank olmayan kredit təşkilatlarının (BOKT) sayı yenidən azalmağa başlayıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) son bir ildə 4 BOKT-nin – “Union Kredit” ASC-nin, “Omni Finance”, “Gold Finance” və “Viza Kredit” MMC-lərin lisenziyalarını ləğv edib, əvəzində isə yeni yaradılmış heç bir BOKT-yə lisenziya verməyib.

Sonuncu dəfə AMB-dən lisenziya alan “SF Azerbaijan” MMC BOKT olub ki, bunun da üzərindən il yarım keçib.

“BOKT-lərin bir qismi pandemiya dövründə çətinlik çəkdi”

“Azərbaycan Mikromaliyyə Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Cəlal Əliyev deyir ki, BOKT-lərin bir qismi koronavirus (COVID-19) pandemiyası dövründə əlavə vəsait cəlb edib fəaliyyətini genişləndirə bilmədi, odur ki, tədricən bazarı tərk etməli oldu: “2019-cu ildə Azərbaycanda BOKT-lərin sayı 56-ya çatsa da, onların bir qismi pandemiya dövründə fəaliyyətini davam etdirməkdə çətinlik çəkdi və lisenziyasını itirməli oldu. Ümumiyyətlə, fəaliyyətini dayandıran BOKT-lər işini düzgün qura bilməyənlərdir. Düşünmürəm ki, bundan sonra Azərbaycanda BOKT-lərin sayı artsın. Mövcud BOKT-lərin fəaliyyətini gücləndirəcəyini gözləmək olar. BOKT-lərlə bağlı yeni qanun layihəsi parlamentdən keçib. Sənədin təsdiqindən sonra BOKT-lərin müştərilərinə kredit verməklə yanaşı, kredit kartı buraxmaq imkanı da olacaq. Təbii ki, bunun üçün BOKT-lər sistemlərini inkişaf etdirməli, təhlükəsizlik səviyyəsini artırmalıdır. Hazırda BOKT kimi qeydiyyatdan keçib lisenziya ala bilməyən təşkilatlar da var. Onlar fəaliyyətini lombard və yaxud lizinq şirkəti kimi davam etdirir və müştərilərə kreditlər təklif edirlər”.

“Təmərküzləşmə BOKT-ləri də əhatə edir”

İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra Azərbaycanın maliyyə sektorunda təmərküzləşmə gedir və bu proses mikromaliyyə sektorunu – yəni BOKT-ləri də əhatə edir: “Təbii ki, bu, arzuolunan hal deyil, amma eyni zamanda mövcud şərtlər daxilində qaçılmaz kimi görünür. Azərbaycanda BOKT-lərin böyük əksəriyyəti kredit verilməsində məsuliyyətli dövr zamanı rəqabət aparmaq qabiliyyəti olmayan təşkilatlar idi və demək olar ki, bankların nəzdində fəaliyyət göstərirdi. Həmin bankların bağlanması bəzi BOKT-lərin də sonunu gətirdi. Eyni zamanda problemli kreditləri olan müştərilərin sayı həddindən artıq çoxdur. Bəzi BOKT-lərdə problemli aktivlərin xüsusi çəkisi 40-50 %-ə çatır, onların belə şəraitdə fəaliyyət göstərməsi mümkün deyil. BOKT-lərin güzəştli kredit mexanizmlərindən istifadəsi də məhduddur. Bütün bunlar onların fəaliyyətinə səmərəsiz şərait yaradır. Banklar da əvvəlki dövrlə müqayisədə daha rəqabətli kredit siyasəti həyata keçirdiyi üçün məhdud imkanlara sahib olan BOKT-lər sıradan çıxır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər