2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bu avtomobillər üçün infrastruktur yaradılacaq

Arxada qoyduğumuz 2018-ci ildə dünya elektromobil bazarında sıçrayışlı artım davam edib. Belə ki, 2017-ci ildə dünayda əvvəlki ilə nisbətən bu avtomobillərin satışı 70 faizə yaxın artmışdı. 2018-ci ildə də 2017 ilə müqayisədə təxminən 70 faizlik artım qeydə alınıb və ümumi satışın həcmi 1.9 milyon ədədə yaxın olub. 2017-ci ildə isə 1.2 milyon ədəd olmuşdu.

Banker.az xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, elektromobil inqilabı artıq sərhədlərimizə çatıb: “Rusiyada 2018-ci ildə elektromobil satışı 72 faiz artıb. Ən son məlumata görə, hazırda ABŞ və Kanadada istifadəyə verilmiş 1 elektrik stansiyasına orta hesabla 30 elektromobil düşür, Rusiyada bu göstərici 6 ədəddir.

Başqa maraqlı məlumat odur ki, daxili yanma mühərriki ilə işləyən klassik avtomobil bazarının böyüməsi 2018-ci ildə artıq başa çatıb. Halbuki 1-2 il əvvələ qədər bu prosesin 2022-ci ildə baş verəcəyi proqnozlaşdırılırdı. Bu o deməkdir ki, bundan sonra dünyada avtomobil bazarının böyüməsi yalnız elektromobillər hesabına baş verəcək və nəticədə yaxın 10 ildə dünya üzrə avtomobil parkında elektromobillərin payının hazırkı 3 faizdən ən azı 15-20 faiz çatması mümkün olacaq”.

Ekspertin sözlərinə görə, nəzərə alsaq ki, neft istehlakının az qala yarısı avtomobil sənayesi ilə bağlıdır, neftə qlobal tələbatı da bu bazarda baş verənlər əhəmiyyətli dərəcədə həll edəcək

Qeyd edək ki, hazırda elektromobillər ənənəvi yanacaqla işləyən “həmkarlarından” yalnız qiymət və enerji toplamaq üçün infrastrukturun məhdudluğu baxımından geri qalır. Elektromobillərin qiymətini bahalaşdıran əsas amil batareyalardır. Son illərdə onların təkmilləşdirilməsi istiqamətində böyük irəliləyişlər əldə edilib. Demək olar ki, hər il batareyaların qiymətində ciddi ucuzlaşma gedir. 2018-ci ildə bu ucuzlaşma 35 faizə çatıb. Elektromobil bazarının analizi ilə məşğul olan Bloomberg New Energy Finance (BNEF) hesab edir ki, bir dəfə enerji yığmaqla böyük məsafələr qət edə biləcək elektromobillərin qiyməti 2040-cı ilədək 22 min dolların altına düşəcək. Bu zaman dünyada avtomobillərin 40 faizdən çoxu elektrik enerji yığıcı ilə təchiz olunacaq.

Maraqlıdır ki, neft istehsalçıları elektromobil bazarının yüksək inkişafını mümkün görmürlər. Məsələn, iki il əvvəl OPEK proqnozlaşdırırdı ki, 2040-cı ildə elektrikli avtomobillər ümumi avtomobillərin 1 faizinə bərabər olacaq. Lakin 2018-ci ilin nəticələrinə əsasən artıq dünyada avtomobil parkının 3 faizini elektromobillər təşkil edir. Elə yalnız daxili yanma mühərriki ilə işləyən avtomobillər istehsal edən şirkətlər də elektromobillərin perspektivini yüksək qiymətləndirmirlər. Lakin bu pessimist rəylərə rəğmən, elektromobil bazarı sürətlə genişlənməkdə, onların qiyməti isə sürətlə aşağı düşməkdədir. Artıq “Tesla Cheyv” və “Nissan” şirkətləri 30 min dollar civarında qiymətlə elektromobil satışına başlamaqdadılar. Dünyada ilk seriya elektromobil istehsal edən “Tesla” şirkəti Çində özünün ilk elektromobil yığımı müəssisəsinin inşasına başlayıb. Zavod Şanxay yaxınlığındakı Linqan sənaye zonasında yerləşəcək.

“Tesla” ilə Linqan inzibati rayonu və “Linqan” korporasiyası arasında zavodun tikintisi üzrə saziş 2018-ci ilin iyulunda imzalanıb. 2020-ci ilədək “Tesla Model 3” yığılmış modelini buraxmaq planlaşdırılır.

Sənədə əsasən, ABŞ şirkəti illik istehsal həcmi 500 minədək avtomobil olan müəssisənin tikintisinə özü investisiya qoyacaq. Sərmayənin həcmi açıqlanmasa da, yerli KİV bu layihənin Şanxay tarixində istehsalatda xarici kapital qoyuluşu baxımından ən iri layihə olduğunu yazır. Ötən il avqustun əvvəlində “Bloomberg” agentliyi məlumatlı mənbəyə istinadən “Tesla”nın zavodun inşasına 5 milyard dollar ayırmağa hazır olduğunu bildirirdi.

Qeyd edək ki, Şanxay müəssisənin tikintisi üçün təsadüfən seçilməyib. Belə ki, məhz bu meqapolis Çində elektromobillərdən istifadə üzrə ilk yeri tutur. 2017-ci ilin sonuna şəhərdə 165 min belə avtomobil var idi.

Digər böyük avtomobil istehsalçıları da elektromobil istehsalına on milyardlarla dollar vəsait yatırmaqdadılar. Gözləntilərə görə, artıq 2020-ci ildən başlayaraq elektromobillər daxili yanma mühərriki ilə işləyən avtomobillərdən daha keyfiyyətli və daha ucuz olacaqlar.

Hesablamalara görə, elektromobil bazarı indiki artım tempini saxlayarsa, artıq 2022-ci ildən dünya üzrə neftə olan gündəlik tələbatın 2 milyon barel azalmasına gətirib çıxaracaq.

Dünayda elektromobil bazarının böyüməsi üçün əlverişli xammal bazası mövcuddur. Belə ki, batareya istehsalında istifadə olunan əsas materialların, maddələrin hamısının mövcud ehtiyatları istehsaldakı artımı artıqlaması ilə qarşılayacaq səviyyədədir.

Elektromobillərin maya dəyərinin üçdə birini batareyaların xərci təşkil edir. Hesab olunur ki, bu avtomobil bazarının sürətli inkişafının davam etməsi üçün batareyaların qiymətindəki enmə də davam etməlidir. Eyni zamanda hökumətlər elektromobil sahiblərinə ciddi güzəştlər verməlidir. Bu güzəştlər insanları məhz belə avtomobillərdən istifadəyə stimullaşdırmalıdır. Avropada artıq belə güzəştlər tətbiq olunur. Məsələn, elektromobil sahibləri yol vergisindən tamamilə, yaxud böyük hissədə azad olunur, parkovka belə avtomobillər üçün pulsuzdur və sair. ABŞ-da da eyni güzəştlər nəzərdə tutulur.

Azərbaycanda hələ elektromobildən istifadə məhdud saydadır. Belə ki, 2015-ci ildə Bakıya ilk “Tesla” elektromobili gətirilib. Ondan sonra belə sifarişlərin sayında artım baş versə də, bu, kütləvi hal almayıb. “Tesla Model S”Azərbaycanda 80 -100 min manata satılır. “İONİQ Electric” markalı elektromobil isə 64 min 600 manatdır.

Ötən ilin sonlarında qanunvericiliyə edilən dəyişikliyə əsasən bu ildən Azərbaycana elektromobillərin idxalı ƏDV-dən azad edilib. Bununla yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində rüsum ödəmək lazım olacaq.

Bundan əlavə, hökumət ölkədə elektromobillər üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də addımlar atmağı planlaşdırır. Bu, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunur. Sənədə əsasən elektrik enerjisi sektorunun pərakəndə satış komponenti ilə bağlı iki mühüm məqsəd prioritetləşdiriləcək: “Birincisi, sənaye və kommersiya sahəsində Avropanın enerji səmərəliliyi səviyyələrinə çatmaqdır. Hər iki sahədə dövlət müxtəlif enerji səmərəlilik metodologiyalarını stimullaşdıracaq. Məsələn, enerjidən səmərəli istifadə edən binaların və məhsulların təbliği həyata keçiriləcək.

İkincisi, elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün tələb olunan infrastrukturu qurmaqdır. 2020-ci ildən etibarən respublikada elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənilir.

Azərbaycanda bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir”.

Musavat.com

Son xəbərlər
Digər xəbərlər