“TBC Kredit” Bank olmayan kredit təşkilatı 2018-ci ildə 1 milyon 883 min manat xalis mənfəət əldə edib. Bu da 2017-ci illə müqayisədə 1,9 dəfə azdır. Bildirək ki, “TBC Kredit” 2017-ci ili 3 milyon 510 min manat xalis mənfəət ilə başa vurmuşdur.
“TBC Kredit”in faiz gəlirləri 2017-ci ildə 4 milyon 214 min manat, 2018-ci ildə isə 3 milyon 753 min manat olub. Belə ki, 2018-ci ildə bu BOKT-un faiz gəlirləri 11% azalıb.
Faiz xərclərinin azalmasının təsiri ilə, “TBC Kredit”in ötən il əməliyyat mənfəəti 2017-ci il səviyyəsində olub: 1 milyon 992 min manat.
Ötən il kreditlərin bərpa olunması nəticəsində ehtiyatın 3 milyon 415 min manatı mənfəətə əlavə edilib. 2017-ci ildə bu məbləğ 4 milyon 617 min manat idi. Ötən il daha az ehtiyat mənfəətə əlavə edildiyindən xalis mənfəət də düşüb.
2018-ci ildə BOKT-un cəmi aktivləri 23 milyon 547 min manat, cəmi öhdəlikləri 15 milyon 689 min manat, cəmi kapitalı isə 7 milyon 858 min manat olub.
2017-ci illə müqayisədə 2018-ci ildə “TBC Kredit”in kredit portfeli 20% azalaraq 17 milyon 87 min manata düşüb.
Qeyd edək ki, 2019-cu ildə “TBC Kredit” “Nikoyl Bank” ilə birləşib. 8 filialı olmuş “TBC Kredit” 100% Gürcüstanda fəaliyyət göstərən “TBC Bank”a məxsus idi. “TBC Kredit”in “Nikoyl Bank” ilə birləşməsi nəticəsində “TBC Bank” “Nikoyl Bank”ın nizamnamə kapitalında 8.34% paya sahib olub.
2018-ci ilin sonunda “TBC Kredit”in “Nikoyl Bank”a 5 milyon 794 min manat, “PAŞA Bank”a 2 milyon 674 min manat kredit borcu olub.