İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2024-cü ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1.531.963 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,8 faiz (ümumi artımın 86,6 faizi), hüquqi şəxslərin sayı isə 8,3 faiz (ümumi artımın 13,4 faizi) artıb. Təhlil aparılan dövrdə vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub. Kommersiya qurumlarının sayı 178.323 vahid təşkil edib və müqayisə edilən dövr ərzində 9 faiz artıb.
2024-cü ilin yanvar-fevral aylarında 2.062 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 1.857-si yerli investisiyalı, 205-i isə xarici investisiyalı müəssisələrdir. Bu dövrdə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 85,7 faiz təşkil edib. Bu ilin iki ayında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 200 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 9,5 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 10,3 faiz təşkil edib.
Ümumiyyətlə, 2024-cü ilin yanvar-fevral aylarında icra olunmuş elektron qeydiyyat ərizələrinin 1.392-si və ya 88,6 faizi Asan imza vasitəsilə təqdim olunub. Mart ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,8 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb, 22.768 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib.
Hesabat dövründə dövlət qeydiyyatında olan 178.323 kommersiya qurumundan 114.305-nin fəaliyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,8 faiz artıb, xüsusi çəkisi isə 1,6 faiz yüksələrək 64,1 faiz təşkil edib. 2024-cü ilin mart ayının 1-nə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) vergi ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz, kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı isə 14,2 faiz artıb.