Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində nəzərdə tutulan yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib.
Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
“Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsinin məqsədi yüksək keyfiyyətli məhsul istehsalı ilə bərabər ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsidir. 2022-ci ilin sonuna yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib. Layihə çərçivəsində “Avro-5” standartlarına uyğun dizel və benzin yanacaqlarının 2023-cü ildə istehsalı nəzərdə tutulub”, – hesabatda qeyd olunur.
Hesabata əsasən, ötən il NEZ-də 6 240.3 min ton neft emal olunaraq 1 282.7 avtomobil benzini, 563.7 min ton reaktiv mühərrik yanacağı, 2040.1 min ton dizel yanacağı, 244.8 min ton maye qaz, 342.6 min ton bitum, 12.5 min ton sürtkü yağları, 209.6 min ton koks və digər məhsullar istehsal olunub.
Məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində neft emalının dərinliyi 96.3% təşkil edib, əmtəəlik neft məhsullarının 90%-i daxili bazara, qalan 10%-i ixraca yönəlib.
“Neft məhsullarının ixracından daxilolmalar 726.4 mln. ABŞ dolları, daxili satışından isə 4 463.2 mln. manat təşkil edib”, – hesabatda vurğulanır.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.