Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının da mənzil təminatı həyata keçirilir.
Sosial Xidmətlər Agentliyindən bildirilib ki, son illərdə Abşeron rayonunda üç yaşayış binası inşa edilərək həmin kateqoriyadan olan gənclərin istifadəsinə verilib.
Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Məzun evi” kimi fəaliyyət göstərən həmin binalarda 365 gənc mənzillə təmin edilib.
Eyni zamanda, Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli sərəncamı ilə bu kateqoriyadan olan vətəndaşların yeni yaşayış komplekslərindən mənzillə təminatı tədbirləri həyata keçirilir. Bu il də digər imtiyazlı kateqoriyadan olan vətəndaşlarla yanaşı dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının bir qrupu da mənzillə təmin edilib.
Sərəncamın icrası çərçivsində son iki ildə bu kateqoriyadan olan şəxslərə 300 mənzil təqdim edilib.
Ümumilikdə Nazirlik tərəfindən ötən dövrdə isə dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum məzunları olan 650 şəxs tam təmirli mənzillə təmin olunub və bu işlər davam etdirilir.