Azərbaycanda təkmilləşdirilmiş büdcə qaydası və yenilənmiş borclanma strategiyası əsasında formalaşdırılacaq yeni makrofiskal çərçivə ortamüddətli dövrdə büdcə kəsirinin məqbul səviyyədə saxlanılmasını təmin etməklə onun ÜDM-də xüsusi çəkisinin azalmasını şərtləndirəcəkdir.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.
Sənəddə deyilir ki, büdcə kəsirinin ÜDM-ə nisbətinin 2022-ci ildə 3.2 faizə, 2025-ci ildə isə 1.5 faizə düşməsi proqnozlaşdırılır. 2022-ci ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 2 milyard 567.0 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 2 milyard 061.0 milyon, 1 milyard 795.0 milyon və 1 milyard 513.0 milyon manat məbləğində proqnozlaşdırılır.
“Büdcə kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur”- deyə sənəddə əks olunur.
Sənəddəki qrafikə əsaslansaq, 2022-ci ildə dövlət büdcəsində xarici və daxili borclanmalarının kəsiri qarşılamaqda payı az olsa da növbəti illərdə 45%-dən çox paya sahib olacağı proqnoz edilir.