Azərbaycanda xüsusi karantin rejiminin tətbiq olunması şirkətlərin və təhsil müəssisələrinin onlayn rejimdə işə və tədrisə keçid etməsinə səbəb olub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, belə hallarda fəaliyyəti mühüm olan obyektlər bir çox çətinliklərlə üzləşsə də, müsbət məqamlar da müşahidə olunur: İT sektorunun sürətli inkişafına zərurət yaranır, bulud xidmətlərindən istifadəyə üstünlük verilir və s.
Son günlərdə həm dövlət, həm də özəl sektorun “bulud” texnologiyalarına tələbatı beşqat artıb.
Nazirliyin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan “Azcloud” bulud xidmətlərinin hər gün 24 saat boyunca fasiləsiz fəaliyyəti təmin olunub və mərkəz hətta xüsusi rejim müddətində belə ciddi nəzarət altında saxlanılır.
Cənubi Qafqaz regionunda ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk DATA-mərkəzi xüsusi sınaqlardan keçirilmişdir və Tier III standartına cavab verərək, 99,982% etibarlılıq səviyyəsi ilə hazırkı dövrdə də tam gücü ilə xidmət göstərir.
Hazırda mərkəzin əməkdaşları iki qrupa bölünüb: işinə evdən davam edənlər və texniki dəstək göstərən növbətçi əməkdaşlar. Texniki işçilərin virusa yoluxma ehtimalını minimallaşdırmaq məqsədilə xüsusi növbəli iş cədvəli yaradılıb. Növbətçi əməkdaşların bədən temperaturu yoxlandıqdan sonra onlar öz işini xüsusi geyimlərdə yerinə yetirir, bu zaman bir-biri ilə qarşılaşmır, növbə bitdikdən sonra isə otaq dezinfeksiya olunur.