Azərbaycanda kartdan karta köçürmə (“card to card”) əməliyyatlarının Ani Ödənişlər Sistemi (AÖS) üzərindən aparılmasına başlanılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Məlumata görə, “card to card” əməliyyatlarının kart prosesinq sistemindən Ani Ödənişlər Sistemi (AÖS) üzərindən aparılmasına başlanılması bankların daxili infrastrukturunda əsas dəyişiklik yaradır və onlara bir sıra üstünlüklər qazandırır.
Qeyd olunub ki, əsas üstünlüklərdən biri bankların xərclərinin azalmasıdır. Belə ki, AÖS üzrə bu növ əməliyyatlar üçün Mərkəzi Bank tərəfindən xidmət haqqı tətbiq edilmir. Eyni zamanda, AÖS vasitəsilə hesablar arasında aparılan köçürmələr anında – bir neçə saniyə ərzində həyata keçirilir. Bankların xərclərinin və proseslərinin optimallaşması nəticəsində vətəndaşlara daha səmərəli xidmətlər və daha yaxşı müştəri təcrübəsi təqdim etmək imkanı yaranır.
Məlumata əsasən, keçid prosesi artıq mərhələli şəkildə başlayıb və bir çox banklar AÖS üzərindən “card to card” əməliyyatlarını aktivləşdiriblər.
Mərkəzi Bankdan bildirilib ki, bu keçid kibertəhlükəsizlik və fırıldaqçılıq risklərinə qarşı nəzarəti də gücləndirir: “Ənənəvi kart şəbəkəsi üzərindən aparılan köçürmələrdə bank yalnız kartın 16 rəqəmi əsasında məlumat əldə etdiyi halda, AÖS-də əməliyyatlar hesab səviyyəsində aparıldığından həm göndərən, həm də alan tərəf daha dəqiq identifikasiya olunur. Bu isə fırıldaqçılıq məqsədli əməliyyatların real vaxt rejimində daha operativ aşkarlanmasına imkan verir. Eyni zamanda, kart şəbəkələri üzərindən aparılan “card to card” əməliyyatlarında kart məlumatlarının oğurlanması və klonlaşdırılması ilə bağlı risklər mövcud idi. AÖS-də isə əməliyyatlar hesablar üzərindən getdiyi üçün bu tip risklər əhəmiyyətli dərəcədə azalıb”.







