Azərbaycanda əhalinin istehlak səbətində əsas yeri tutan un və çörək məhsullarının həcmi bir qədər də azalıb.
Banker.az xəbər verir ki, 2024-cü ilin ilk rübündə 262.1 min ton çörək istehsal edilib. Bu da illik müqayisədə 8.2 faiz azalmadır.
Azalma həmçinin buğda ununda da müşahidə edilir. Məsələn, 2023-cü ilin birinci rübündə 391.07 min ton buğda unu istehsal edildiyi halda, bu, 2024-cü ildə azalaraq 365.38 min tona düşüb. Bu da 6.5 faiz azalmadır.
Unlu qənnadı məhsullarının istehsalı illik 0.2 faiz azalaraq 18.1 min tona düşüb.
Əhalinin artımına rəğmən, ölkədə buğda məhsulları və çörəyin istehsalı azalmaqdadır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə unun istehsal həcmi illik müqayisədə 2.6 faiz azalaraq 1 mln. 328.75 min tona, çörək isə 3.1 faiz azalaraq 1 mln. 207.15 min tona düşmüşdü.
Buğdanın istehsal və istehlakının zəifləməsi idxala da təsirini göstərməkdədir. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2023-cü ilin ilk üç rübündə ölkəyə xaricdən (90% üzərində Rusiya) 356.15 min ton (108.76 mln. $) buğda idxal edilirdisə, cari ildə bu rəqəm 212 min tona (48.07 mln. $) düşüb.
Buğdanın bir tonu 2023-cü ildə Azərbaycana 305.3 dollara başa gəldiyi halda, cari ildə bu rəqəm 226.8 dollara düşüb.