Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsium Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsini reallaşdıracaq.
Konsorsium İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün 2024-cü il fevralın 8-də elan edilmiş müsabiqənin qalibi olub.
Bu, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə həyata keçirilən dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı sahəsində ilk pilot layihədir.
Müsabiqədə 2-ci yeri İsrailin “IDE Water Assets Ltd” şirkəti, 3-cü yeri isə Birləşmiş Ərəb Əmirliklərinin “Metito Utilities Limited” şirkəti tutub.
Layihə çərçivəsində konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min m³ su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən, layihənin müddəti 27,5 ildir. Belə ki, konsorsium layihəni bu müddətdə idarə etdikdən sonra müəssisə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin idarəetməsinə keçəcək.
Layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq və xarici sərmayə cəlbi baxımından mühüm töhfədir.
Müsabiqədə “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun digər üzvü Türkiyənin “IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” şirkətidir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının 2004-cü ildə təsis edilmiş “ACWA Power” şirkəti, suyun duzsuzlaşdırılması və yaşıl hidrogen sahələrində qabaqcıl özəl şirkətlərdən biridir. Şirkət 13 ölkədə – Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyada fəaliyyət göstərir və 4 mindən çox işçi heyətinə sahibdir.
“ACWA Power”-ın portfeli istismarda olan, inkişaf etdirilən və tikilməkdə olan 94 layihədən ibarətdir. Bu layihələrin sərmayə dəyəri 97 milyard ABŞ dolları təşkil edir və şirkət 69 QVt enerji istehsalı və gündəlik 8 milyon m³ suyun duzsuzlaşdırılması gücünə malikdir.
Genişmiqyaslı layihələrdə 50 ildən çox təcrübəyə malik olan Türkiyənin tanınmış şirkəti olan “IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” sənaye, infrastruktur, investisiya, enerji istehsalı və paylanması, turizm və s. sahələrdə fəaliyyət göstərir və 20 mindən çox işçisi var.