13 C
Baku
Tuesday, November 4, 2025

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması üzrə zavodun tam istismara veriləcəyi tarix açıqlanıb

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodunun tam istismara verilməsi 2028-ci ilin IV rübünə planlaşdırılıb.

Bu barədə “ACWA Power” şirkətinin rüblük hesabatında bildirilir.

Şirkətin bu layihəyə yatırdığı investisiyanın məbləği 1,5 milyard Səudiyyə rialı təşkil edib ki, bu da 679,95 milyon manata (407 milyon ABŞ dolları) bərabərdir.

Bu ilin sentyabr 30-na “ACWA Power” şirkətinin 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) tikintisinə yatırdığı investisiyanın məbləği 1,073 milyard Səudiyyə riyalı (486,39 milyon manata bərabər) təşkil edib.

“ACWA Power” şirkətinin Baş direktoru Marko Arçelli qeyd edib ki, Azərbaycandakı külək layihələri qismən və ya tam kommersiya istismarına başlayıb və onların fəaliyyətdə olan layihələr portfelinə ildə 3,7 GVt güc və 3 000 ton ekoloji baxımdan təmiz hidrogen əlavə edib.

Beləliklə, sentyabrın 30-na şirkətin investisiyalarının ümumi məbləği 1,166 milyard manata çatıb.

Qeyd edək ki, layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində gündəlik gücü 300 min kubmetr olan dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini nəzərdə tutur. Layihənin “ACWA Power” və Türkiyənin “IC İçtaş İnşaat” şirkətinin daxil olduğu konsorsium tərəfindən həyata keçirilməsi planlaşdırılır.

Sazişin şərtlərinə görə, layihənin icra müddəti 27,5 il təşkil edəcək, bu müddət bitdikdən sonra obyektin idarəçiliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə veriləcək.

Tikinti işlərinin 2,5 il ərzində başa çatdırılması planlaşdırılır. 2004-cü ildə təsis edilmiş “ACWA Power” şirkəti, suyun duzsuzlaşdırılması və yaşıl hidrogen sahələrində qabaqcıl özəl şirkətlərdən biridir. Şirkət 13 ölkədə – Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyada fəaliyyət göstərir və 4 mindən çox işçi heyətinə sahibdir.

Daha əvvəl, “ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven “Report”a bildirib ki, “Xızı-Abşeron” KES-in tam istismara verilməsi isə 2025-ci ilin IV rübündə nəzərdə tutulur.

Layihə başa çatdıqdan sonra külək stansiyası ildə təxminən 907 milyon kilovat/saat təmiz elektrik enerjisi istehsal edəcək ki, bu da 300 mindən çox azərbaycanlı ailənin enerji tələbatını qarşılamaq üçün yetərlidir.

Stansiya Abşeron (1-ci sahə) və Xızı (Xızı-3 sahəsi) rayonlarının ərazisində, Çaylı və Sitalçay kəndlərində yerləşir. Ümumilikdə, layihə çərçivəsində 37 külək turbini quraşdırılacaq – onlardan 12-si Abşeronda, 25-i isə Xızıda yerləşəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər