Bu gündən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi dənizçilərə sertifikatların (diplom) verilməsi prosesini sadələşdirib.
Bu barədə nazirliyə istinadən xəbər verilir.
Məlumata görə, bu addım dəniz nəqliyyatı sahəsinin inkişafı istiqamətində aparılan islahatların tərkib hissəsi kimi dənizçilərin əmək hüquqlarının qorunması, onların peşəkarlığının artırılması və əmək fəaliyyətinin fasiləsizliyinin təmin olunması məqsədilə atılıb.
Belə ki, dənizçilər (komandir heyəti üzvləri) eyni vəzifə üzrə etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomlarının) yenisi ilə əvəz edilməsi üçün aşağıda göstərilən halda imtahandan azad olunurlar:
– “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyaya əsasən vəzifə üzrə gəmidə müəyyən edilən üzmə stajına malik olduqda;
– vəzifə üzrə təkmilləşdirmə kurslarını müvəffəqiyyətlə bitirməsinə dair sertifikata malik olduqda;
– tələb edilən xüsusi hazırlıq sertifikatlarına malik olduqda;
– sağlamlıq vəziyyəti vəzifəni tutmağa imkan verdikdə.
Bu dəyişikliyə qədər etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəz edilməsi üçün dənizçilərin təkmilləşdirmə kurslarını bitirdikdən sonra bilik və bacarıqlarını Agentlik imtahan vasitəsilə yoxlayırdı.