10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda daha bir günəş elektrik stansiyası işə düşüb

Bakının Sahil qəsəbəsində yerləşən günəş elektrik stansiyası enerji şəbəkəsinə qoşulub.

Bu barədə Trend-ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov məlumat verib.

Elektrik stansiyasının layihə gücü 2,8 meqavatt təşkil edir.

Hazırda Azərbaycanda Qobustan və Samux rayonlarında, Bakıda isə Pirallahı, Suraxanı və Sahil qəsəbələrində belə stansiyalar fəaliyyət göstərir.

C.Məlikov deyib: “Sahil qəsəbəsində yerləşən günəş elektrik stansiyası hazırda fəaliyyətdədir. Sumqayıtda belə bir stansiyanın elektrik şəbəkəsinə qoşulması istiqamətində tədbirlər görülür. Düşünürəm ki, bu ilin sonuna qədər stansiya işə düşəcək”.

Mövcud imkanlar sayəsində Azərbaycanda enerji mənbələrinin potensialı 25,3 min meqavatt təşkil edir ki, bununla da ildə 62,8 kilovatt-saat enerji əldə etmək mümkündür. Bərpa olunan və alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq qarşıya məqsəd qoyulub.

Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2 676 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir.

Azərbaycanda günəş elektrik enerjisinin alınması üçün böyük imkanlar var. Belə ki, bu imkan 5 min meqavatt gücündə qiymətləndirilir.

Külək enerjisi – 4 500 meqavatt, bioenerji – 1 500 meqavatt, geotermal enerji – 800 meqavatt, yerdə qalan 350 meqavatt isə SES-lərin payına düşür.

2018-2020-ci illərdə Strateji Yol Xəritəsi çərçivəsində kommunal xidmətlərin inkişaf etdirilməsi məqsədilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi dəyəri 13 milyon manata yaxın olan 23 layihə reallaşdırmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər