6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda daha iki zavod özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) bu gün dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı keçirilən növbəti hərracında 2 səhmdar cəmiyyəti, 3 kiçik dövlət müəssisə və obyekti və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. 

Komitədən verilən xəbərə görə, hərrac nəticəsində dövlət büdcəsinə 0,8 mln. manat vəsaitin köçürülməsi təmin ediləcək.

Hərracda özəlləşdirilən 2 kiçik dövlət obyekti Bakıda, 1-i Şəkidə, satılmış 4 istifadəsiz qeyri-yaşayış sahələrinin hamısı isə paytaxtda yerləşir. Qeyri-yaşayış sahələrindən birinin satışı üzrə hərrac rəqabətli şəraitdə keçib. Özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərinin hamısı ticarət sahəsinə aid olub.

Hərracda ən yüksək qiymət Bakının Nizami rayonunda yerləşən 62,2 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, adı çəkilən əmlak 25 min manata özəlləşdirilib. 20 min manat isə paytaxtın eyni rayonunda yerləşən 55 kv.m sahəsi olan digər istifadəsiz qeyri-yaşayış sahəsinə təklif edilib. Kiçik dövlət obyektlərindən isə paytaxtın Binəqədi rayonunda yerləşən 44 saylı mağazaya 21 250 manat, Suraxanıdakı 112 saylı mağazaya isə 20 min manat təklif edilib və özəlləşdirilib.

Hərrac proseduruna əsasən, qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Hərracdan sonra qanunvericiliyə uyğun olaraq bir neçə gün ərzində əmlak sahibləri mülkiyyəti təsdiq edən çıxarışlarla da təmin olunur.

Hərracda özəlləşdirilən “Ağcabədi Pambıq” və “Biləsuvar Pambıq” səhmdar cəmiyyətləri sənaye sahəsinə aid olan iri müəssisələrdir. Regionlarda yerləşən rəqabət qabiliyyəti, potensialı olan belə müəssisələrin özəlləşdirilməsi investisiya qoyuluşundan sonra istehsalın bərpa olunması və yeni iş yerlərinin açılması məqsədi daşıyır. Özəlləşdirilən müəssisələr tamamilə yenilənmiş və müasir standartlara uyğun şəkildə tam fəaliyyət göstərməyə başlayacaq.

Növbəti hərrac noyabrın 15-də keçiriləcək və bura 73 dövlət müəssisə və obyekti özəlləşdirməyə çıxarılacaq.

Report

Son xəbərlər
Digər xəbərlər