Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı potensialın təxminən 90%-dən istifadə olunmur.
Hazırda ölkədə icbari qaydada sığortalamağın mümkün olduğu təxminən 1 milyon mənzil və fərdi ev olsa da, bunun cəmi 100 mini sığortalıdır.
Halbuki, Mülki Məcəllənin 180-ci maddəsinə görə, mülkiyyət hüququ olan, yəni özbaşına tikilməyən və haqqında sökülmək barədə qərar olmayan bütün əmlakları sığortalamaq mümkündür.
Sığorta ilə əhatə olunmuş 100 min əmlaka gəlincə isə, onların demək olar ki, hamısının sahibi müxtəlif təsir mexanizmlərinin hesabına sığorta şirkətlərinə üz tutub. Yəni, kimsə evini ipoteka ilə satdığı və yaxud evini girov qoyaraq bankdan kredit götürdüyü üçün məcbur olub, əmlakını sığortalayıb. Baxmayaraq ki, bu, elə də bahalı sığorta məhsulu deyil və əmlakın yerləşdiyi yaşayış məntəqəsindən asılı olaraq onun qiyməti 30-50 manat arasında dəyişir.
“Kütləvi satış üçün mexanizm yoxdur”
Sığorta bazarı üzrə ekspert Pərviz Quliyev deyir ki, ölkə vətəndaşlarının əksəriyyəti əmlak sığortasının faydası barədə həm az məlumatlıdır, həm də sığortanın kütləvi satışı üçün mexanizm yoxdur: “Azərbaycanda da digər ölkələrdə olduğu kimi sığorta xidməti mülkiyyət sahiblərinin xilaskarıdır və onlara qəzalar zamanı sığorta edilmiş əmlaka görə kifayət qədər məbləğ verilir. Sadəcə qanunla məcburiyyət olsa da, insanların böyük əksəriyyəti əmlaklarını sığorta etdirmirlər və onları bu işə məcbur edəcək bir mexanizm yoxdur”.
“Vəziyyət yaxşıya doğru gedir”
“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev da hesab edir ki, əmlak sığortası ilə bağlı vəziyyət ürəkaçan deyil, amma tədricən yaxşıya doğru gedir: “Haqqında danışdığımız sığorta növü icbari olsa da, əhalinin və biznes subyektlərinin sığorta xidmətləri ilə bağlı məlumatlarının məhdud olması səbəbilə növ üzrə penetrasiya arzuolunan həddə deyil. Lakin icmal rəqəmlərinə nəzər salsaq görürük ki, daşınmaz əmlakın icbari sığortasına maraq tədricən və mərhələli şəkildə formalaşır. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlakın icbari sığortası növü üzrə 35.3 milyon manat sığorta haqqı təmin edilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3.3 milyon manat çoxdur. 2021-ci ilin ümumi sığorta statistikasından da görürük ki, daşınmaz əmlakın sığortası bazarı 36.6 % böyüyüb. Bu da onun göstəricisidir ki, növ üzrə stabil artım tempi təmin olunub və bu temp növbəti mərhələ üçün qorunub saxlanmaqdadır”.
E.Mirsalayev qeyd edib ki, daşınmaz əmlakın icbari sığortası növünün bazar potensialından tam şəkildə istifadə olunması məqsədi ilə mütəmadi olaraq addımlar atılır: “Bildiyiniz kimi, artıq ikinci ildir ki, Azərbaycan Mərkəzi Bankı (AMB), ASA və İcbari Sığorta Bürosu (İSB) “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınmaz tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ölkə səviyyəsində sığorta maarifləndirməsi layihəsini icra edirlər. Layihə 3 ili əhatə edir. Layihənin indiki ikinci ili sığorta sinifləri, xüsusilə də daşınmaz əmlakın icbari sığorta növü ilə bağlı bilgiləndirməyə həsr olunub. İstər ümumi icmalda, istərsə də daşınmaz əmlakın icbari sığortası bazarındakı stabil böyüməni əsas tutaraq hesab edirəm ki, bu layihənin uğurlu nəticəsi növbəti mərhələdə daha aydın görünəcək”.
“Report” mövzu ilə bağlı İSB-yə də müraciət edib. Qurumdan bildiriblər ki, Azərbaycanda daşınmaz əmlakın icbari sığortası 24 iyun 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” qanuna əsasən əhalinin sosial rifahını, sahibkarlıq subyektlərinin mənafeyini, eləcə də maliyyə sabitliyini qorumaq məqsədilə tətbiq olunur. Bu sığorta növü üzrə həm hüquqi, həm də fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortalanması məcburidir. Özbaşına tikinti sayılan daşınmaz əmlak, sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsinə təminat verir.
Bu növ üzrə elektronlaşmanı təmin etmək məqsədilə İcbari Sığorta Bürosu (İSB) və İqtisadiyyat Nazirliyinin informasiya sistemləri arasında inteqrasiyaların təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda, müvafiq hüquqi bazanın formalaşdırılması məqsədilə, AMB qanunvericilkdə əlaqədar dəyişikliklərin edilməsi üzrə də tədbirlər görməkdədir.
AMB, ASA və İSB arasında imzalanmış “Qarşılıqlı anlaşma haqqında Memorandum”a əsasən icra edilən “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin həyata keçirilməsi layihəsi” çərçivəsində bütün sığorta məhsulları, o cümlədən daşınmaz əmlakın icbari sığortası üzrə əhalinin və biznes subyektlərinin maarifləndirilməsi, təbliğat və təşviqat işləri də davam etdirilir.