Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə 34 768.4 min manat həcmində sığorta haqqı yığılıb.
Azərbaycan Mərkəzi Bankından Banker.az-a verilən məlumata görə, bu müddətdə eyniadlı sığorta növü üzrə şirkətlər tərəfindən 3 478.1 min manat ödəniş həyata keçirilib.
Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 22.3% artıb, ödənişlər isə 12% azalıb.
Bu müddətdə daşınmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası üzrə 293.9 min manat sığorta haqqı yığılıb, 20.7 min manat ödəniş edilib. Bu da öz növbəsində əvvəlki ilin eyni dövrü ilə müqayisədə yığımların 0.7% azalması deməkdir. Ötən ilin müvafiq dövründə bu sığorta növü üzrə ödəniş olmayıb.
Xatırladaq ki, hesabat dövründə bütün icbari sığorta növləri üzrə yığımlar 179 829.8 min manat, ödənişlər isə 50 462.7 min manat təşkil edib.