17 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda daşınmaz əmlakın sığortasının könüllü qaydada aparılması niyə gerçəkləşmir?

Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev müsahibə verib. Müsahibədə Z. Əliyev daşınmaz əmlakın icbari sığortası üzrə tətbiq edilən yeniliklər və nəzarətin gücləndirilməsi sahəsində atılan adımlar barədə danışıb.

Həmin müsahibəni təqdim edirik:

– Daşınmaz əmlakın sığortası ilə bağlı artıq ikinci ildir ki, intensiv və geniş əhatədə maarifləndirmə və təşviqat tədbirləri aparılır. Daşınmaz əmlakın sığortası niyə vacibdir?

– Hər bir dövlətin sığorta sahəsini inkişaf etdirməkdə məqsədi əhalini, iş adamlarını xoşagəlməz hallar nəticəsində meydana gələn zərərlərdən müdafiəsini gücləndirməkdir. Çünki dövlətin başlıca vəzifəsi əhalinin rifahını qorumaq, onu yüksəltməkdir.

Biz bilirik ki, cəmiyyət üçün təbii xarakterli və təbiətlə bağlı olmayan hadisələrdən yaranan zərərlər qaçılmazdır. Dünyanın hər bir yerində olduğu kimi ölkəmizdə də təbii fəlakətlər – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi və s. kimi hadisələr baş verir. Bu hadisələrin tezliyi aşağı olsa da baş verdikdə fəsadları yüksək olur. Bu, əhalinin, iş adamlarının əmlaklarına, səhhətinə və həyatına ciddi zərər vurur, əhəmiyyətli maliyyə itkiləri yaradır. Ölkəmizdə hər il onlarla təbii hadisə və onlardan irəli gələn zərər faktları qeydə alınır. Elə təbii hadisələr vardır ki, onlar hər il baş verməsə də yaratdığı zərərlərin miqyası əhəmiyyətli olur və onların fəsadlarının aradan qaldılması uzun müddət tələb edir. Məsələn, ölkəmizdə təkcə son 10-12 illik dövrə baxsaq 2010-cu ildə Kür-Araz çaylarının daşması, 2012-ci ildə Zaqatala və ətraf rayonlarda baş vermiş zəlzələ, 2019-cu ildə Şamaxı və ətraf rayonlarda baş vermiş zəlzələ nəticəsində əhalinin əmlakına ciddi ziyan dəymiş, onların hər birində yüz milyonlarla manat zərər meydana gəlib.

Ölkəmizdə təbiətlə bağlı olmayan hadisələr – yanğın, partlayış, nəqliyyat qəzaları və s. kimi hadisələr də baş verir. Statistikaya görə il ərzində 16 mindən çox belə hadisə baş verir və onun da 99 %-i yanğın hadisələridir. Yanğın hadisələri yüksək tezliyə malikdir və demək olar ki, yaşayış sahələrində daha çox baş verir. Nəticədə, ayrı-ayrı ailələr ciddi maliyyə itkiləri ilə üzləşirlər.

Göründüyü kimi, əhali və iş adamlarının əmlakları yuxarıda qeyd etidyimiz hadisələr nəticəsində yarana biləcək ciddi maliyyə itkiləri riski ilə üzləşib. Belə risklərdən sığorta, yəni daşınmaz əmlakın sığortası vacibdir. Sığorta əhalinin bu risklərə qarşı müdafiəsi üçün zəruridir.

Bilirsiniz ki, ölkəmizdə daşınmaz əmlakın dəyəri hər bir vətəndaşımız üçün əhəmiyyətli məbləğdir. Belə bir göstərici var, məzillərin qiymətlərinin adambaşına düşən illik gəlirə nisbəti. Ekspert qiymətləndirmələrinə görə ölkəmizdə bu nisbət 10-11 civarındadır. Bu o deməkdir ki, orta statistik dəyərə malik mənzilin dəyəri orta statistik vətəndaşın 10-11 illik gəlirinə bərabərdir. Yaşadığımız evlər uzun illər böyu çəkilən zəhmətin sayəsində əldə olunur. Mənzillərin sığortası zəhmətimizə verməli olduğumuz qiymətdir. Sığorta zəhmətimizin materiallaşdığı dəyərə, yəni evimizə göstərməli olduğumuz vacib münasibətdir. Sığorta sahib olduqlarımızın qədrini bilmək və onu qorumaqdır.

Daşınmaz əmlakın, mənzillərin, yaşayış evlərinin sığortasının vacibliyini nəzərə alaraq tərəfdaşlarla birlikdə hazırda geniş əhatədə maarifləndirmə tədbirləri aparılmaqdadır. Əhalimiz daşınmaz əmlakın sığortası haqqında ətraflı məlumata malik olmalıdırlar. Bu sığortanın hansı risklərə qarşı təminat verdyini, hadisə zamanı hansı hüquq və vəzifələrə malik olduğunu dərindən bilmələri vacibdir.

– Ziya müəllim, məlumdur ki, ölkəmizdə daşınmaz əmlakın icbari sığortası 2011-ci ildən tətbiq edilir. İcbari xarakter daşıyan bu sığortanın əhalimiz və dövlətimiz üçün əhəmiyyətini necə izah edərdiniz?

– Möhtərəm cənab Prezidentin həmişə qeyd etdiyi kimi, Azərbaycanda sosial dövlət modeli formalaşıb. Daşınmaz əmlakın icbari sığortası ölkəmizdə formalaşmış sosial dövlət modelinin xarakterinə uyğundur. Az əvvəl səsləndirdiyimiz faktlardan göründüyü kimi ölkəmizdə əhəmiyyətli miqyasda təbii fəlakətlər, yanğın və digər hadisələr baş verir. Bunlar qaçınılmazdır və əhalimizin rifahı baxımından ciddi fəsadlar, zərərlər yaradır. Bu zərərlərin miqyası onunla üzləşən əhali, o cümlədən iş adamları üçün dözülməz maliyyə həcminə malikdir.

Belə hadisələrdən irəli gələn maliyyə itkiləri ilə üzləşən vətəndaşlarımız ilk növbədə yardım üçün dövlətə, onun qurumlarına müraciət edir. Təbii ki, dövlət də özünün sosial dövlət mahiyyətinə sadiq qalaraq vətəndaşına biganə qalmır, zərərlərin böyük hissəsini kompensasiya edir. Təkcə onu qeyd edim ki, az əvvəl qeyd etdiyimiz 3 təbii fəlakət hadisəsi zamanı əhalinin üzləşdiyi zərərlərin kompensasiyası üçün dövlət büdcəsindən 1 milyard manatdan artıq vəsait xərclənib. Hazırda bu kompensasiyalar hələ də davam edir. Bu məbləğ dövlət büdcəsinin illik həcminə münasibətdə kifayət qədər ciddi məbləğdir və dövlət üçün əhəmiyyətli maliyyə yüküdür.

Unutmamalıyıq ki, dövlət büdcəsinin vəsaitləri əsasən fiziki və hüquqi şəxslərin vergi ödənişləri hesabına formalaşır. Deməli, maliyyə yükü yenidən əhaliyə və biznesin üzərinə qayıtmış olur.

Belə olan halda xoşagəlməz hadisələr nəticəsində yaranan zərərlər riskinin sığorta sektoruna ötürülməsi həm əhalinin, həm bizesin, həm də dövlətin maliyyə yükünün azaldılmasına imkan verir.

Hazırda sığorta sektoru hadisələr nəticəsində daşınmaz əmlaka dəyə biləcək zərər risklərini peşəkar idarə etmək iqtidarındadır. Yerli sığortaçılar müəyyən məbləğdə riskləri öz üzərlərində saxlamaqla digər hissəsini də beynəlxalq təkrarsığorta bazarına ötürə bilirlər. Beləliklə, sığorta mexanizmi təbii və təbiətlə bağlı olmayan hadisələrdən yarana biləcək zərərlərdən irəli gələn maliyyə yükünü əhalidən və dövlətdən götürüb xarici bazarlara ötürməyə, bununla da əhalinin və dövlətin yükünü azaltmağa imkan verir.

Daşınmaz əmlakın icbari sığortası mexanizmi vasitəsilə dövlət bir tərəfdən öz vətəndaşını və iş adamını təbii fəlakətlər, yanğın və digər hadisələrdən yaranan ciddi maliyyə itkilərindən müdafiə sistemini gücləndirir, digər tərəfdən isə, təbii fəlakətlər zamanı dövlətin maliyyə yükünü azaldır, vergi daxilolmalarından formalaşan dövlət büdcəsini gözlənilməz, planlaşdırılmayan xərclərlə qarşı-qarşıya qoymur. Ödənilən vergilər ictimai və dövlət xidmətlərinin fasiləsizliyinə, sosial inkişaf proqramlarının stabil olaraq maliyyələşdirilməsinə yönəlmiş olur.

– Əgər elədirsə daşınmaz əmlakın sığortasının könüllü qaydada aparılması niyə gerçəkləşmir? Ölkəmizdə daşınmaz əmlak sığortasının icbariliyi hansı zərurətdən irəli gəlir?

– Daşınmaz əmlakın sığortası mexanizminin az əvvəl izah etdiyimiz faydaları o zaman tam miqyası ilə gerçəkləşmiş olur ki, ölkədə bütün mülkiyyətçilər tərəfindən əmlakın sığortası əldə edilmiş olsun. Daşınmaz əmlakın könüllü qaydada sığortası ilə bu əhatəni təmin etmək gəlin razılaşaq ki, hələ ki, real görünmür. Bu iki fundamental amillə izah oluna bilər.

Birincisi, ölkə əhalisinin sovet iqtisadiyyatı keçmişi ilə bağlı yaranmış mental modelidir. Bildiyiniz kimi sovet iqtisadiyyatında bütün mülkiyyət dövlətə məxsus idi, ona görə əmlakla bağlı risklər də dövlətin üzərində idi. Təbii və təbiətlə bağlı olmayan hadisələr nəticəsində mülkiyyətə dəyən zərərlər dövlət tərəfindən qarşılanırdı. Ona görə də “əmlakımıza dəyən zərərlə bağlı dövlət maliyyə yardımı edəcəkdir” gözləntisi daşınmaz əmlakla bağlı risklərin sığortaya ötürülməsi təcrübəsinin formalaşmasının önünə keçir.

İkincisi, sığorta münasibətləri cəmiyyətimiz üçün yenidir, əhalinin mühüm hissəsi əmlakla bağlı sığorta münasibətlərinə daxil olmadığından bu sahədə lazımı məlumatlığa və təcrübəyə malik deyildir. Belə olan halda əhalinin və iş adamlarının könüllü və kütləvi qaydada daşınmaz əmlak sığortasına müraciət etməmələri anlaşılandır.

Daşınmaz əmlak sığortası qeyri-icbari qaydada aparıldıqda vətəndaşlar və iş adamları arasında bunu edənlər və etməyənlər olacaq. İndi təsəvvür edək ki, təbii və ya təbiətlə bağlı olmayan hadisələr nəticəsində vətəndaşlar və iş adamları zərərlə üzləşiblər. Sığorta olunan əmlaklara görə sahiblərinə sığorta ödənişi verilir və zərərlər kompensasiya olunur. Sığorta olunmayan əmlakların sahibləri isə yardım üçün dövlətə müraciət edir. Dövlət də büdcəyə ödənilən vergilər hesabına həmin zərərləri ödəyir. Həmin vergilərin bir hissəsi də əmlakını sığorta etmiş vətəndaşlar və iş adamları tərəfindən ödənilir. Bu sosial ədalət prinsipindən yayınmaya səbəb olur. Çünki, əmlakını sığorta edənlər həm sığorta haqqının yükünü, həm də sığortası olmayanların zərərlərinin kompensasiyası yükünü daşımış olurlar.

Ona görə də daşınmaz əmlak sığortasının kütləviliyinə, onun tam penetrasiyasına nail olmaq üçün xüsusilə ilkin dövrlərdə onun icbari xarakter daşıması məqsədəuyğun hesab olunub. Təbii ki, istənilən qanunvericiliyin tələblərinin pozulmasında olduğu kimi, daşınmaz əmlakın sığortasının əldə edilməməsinə görə də cərimə mexanizmləri nəzərdə tutulub.

Eyni zamanda qeyd edim ki, qanunveriiclikdə təbii fəlakətlər zamanı sığortasız yaşayış və qeyri-yaşayış sahələrinə ziyan dəydikdə sadəcə zərər məbləğinin 20 %-dək hissəsi dövlət tərəfindən qarşılanır. Bu daşınmaz əmlakın sığortasını daha da vacib edir. Ona görə də təbii fəlakətlər zamanı yaranmış itkilərin kompensasiyasında dövlətin dəstəyini tam əldə etmək üçün daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin əldə edilməsi vacibdir.

Bir məsələni də mütləq qeyd etməliyik ki, aztəminatlı ailələrə məxsus daşınmaz əmlakların sığorta haqqı dövlət büdcəsindən ödənilir. Burada məqsəd gəlir səviyyəsindən asılı olmayaraq bütün vətəndaşların daşınmaz əmlaklarının sığorta təminatını təşkil etməkdir.

– Daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhalimiz əsasən nəyi bilməlidir?

– Daşınmaz əmlakın icbari sığortasının təminat verdyi halların əhatəsi genişdir. Təbii fəlakətlərlə bərabər, yanğın, subasma, partlayış kimi hadisələrdən yaranan zərərlərə də təminat verilir.

Cari ilin iyun ayının 1-dən etibarən daşınmaz əmlakın sığortası şəhadətnaməsi elektron qaydada buraxılmağa başlanılıb. Yəni, kağız daşıyıcıda şəhadətnamələrin olması ehtiyacı aradan qalxıb. Sığorta şəhadətnamələrinin qeydiyyatı sığortaçıların və İcbari Sığorta Bürosunun elektron resurslarında aparılır. Həmin elektron resurslardan əldə edilmiş məlumatlardan istifadə etməklə müvafiq dövlət orqanları icbari qaydada sığortalamanın təmin edilməsinə nəzarəti daha effektiv həyata keçirə biləcəklər.

Sığorta hadisəsi zamanı sığorta tələbinin irəli sürülməsi mürəkkəb proses deyildir. Hadisə baş verdikdə bu barədə sığortaçıya vaxtında məlumat verilir, qanunda nəzərdə tutulmuş sənədlər təqdim edilir. Zərərin məbləği qiymətləndirilir və sığorta ödənişi həyata keçirilir. Əgər zərər məbləği barədə zərərçəkmiş əmlak sahibi razı deyilsə bu zaman müstəqil ekspertin həmin qiymətləndirməni aparmasını tələb edə bilər.

Sığorta ödənişi ilə bağlı zərərçəkmiş əmlak sahibinin bu prosesdən şikayəti olarsa bunu Mərkəzi Banka yazılı və ya qaynar xətt nömrəsinə zəng etməklə asanlıqla edə bilər. Hər bir şikayət operativ nəzarətə götürülür, sığortalının hüquqlarının qorunması üçün qanunvericilik çərçivəsində lazımı tədbirlər görülür. Mərkəzi Bank sığorta təzminatının sığortaçılar tərəfindən ədalətli qaydada həyata keçirilməsini daimi nəzarətdə saxlayır. Mərkəzi Bank sığortalılardan daxil olan şikayət indeksini də aylıq əsasda açıqlayır.

Daşınmaz əmlakın sığortası şəhadətnaməsinin alınması üçün əmlak sahibləri bu sığortanı etmək icazəsi olan sığorta şirkətləri sırasından istədiyini sərbəst seçə bilər.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər