İqlim dəyişikliyi qarşımızda duran ən çətin məsələlərdən biridir. Biz qabaqcıl təcrübələrimizi sizinlə paylaşmaq istəyirik.
Bu sözləri İqlim Çempionları Komandasının baş məsləhətçisi Alida Saleh COP29-a hazırlıq çərçivəsində “Azərbaycanda Yaşıl Tikinti” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, iqlimin təsirləri hazırda müşahidə olunmaqdadır.
“Vacib məsələlərdən biri budur ki, istilik emissiyalarını yaradan amilləri aradan qaldıraq və enerji səmərəliliyini yüksəldək. Bu prosesdə ədalətli keçid olmalıdır. Tikinti sektorunun ətraf mühitə böyük təsiri var. Bu, olduqca vacib sektor hesab olunur. Binalar emissiyaların 20 faizini, eyni zamanda, enerji təchizatının 40 faizini təşkil edir. Biz elə dayanıqlı həllərə baxmalıyıq ki, ətraf mühitə xeyirli olsun. Azərbaycanda yeni memarlıq layihələri məni yaxşı mənada heyrətləndirdi. Eyni zamanda, deməliyik ki, hökumətin özəl sektora da ehtiyacı var. Özəl sektorun ambisiyası və baxışı dövlətlə üst-üstə düşür. Azərbaycanda dayanıqlı yaşıl tikinti ilə bağlı hesabat hazırlayacağıq və bu, COP29-dan sonra da davam edəcək”,- deyə Alida Saleh bildirib.