4 C
Baku
Wednesday, January 14, 2026

Azərbaycanda dekabrda illik inflyasiya 5.2%-ə düşüb

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayı ilə müqayisədə 5.2 faiz artıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu da noyabrdakı 5.5 faiz illik inflyasiyadan 0.3 faiz bəndi aşağı olması deməkdir.

O cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6.4 faiz, qeyri-qida məhsulları üzrə 2.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5.7 faiz artım göstərib. Eyni zamanda, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0.8 faiz, yanvar–dekabr aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6 faiz artıb.

Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə pul bəyanatında illik inflyasiya üçün hədəf çərçivəsini 2 faiz-6 faiz diapazonunda götürüb. Adətən aşağı hədd AMB-nin faiz siyasətinin yumşalmasına, yuxarı hədd isə qaldırılmasına gətirib çıxarır.

Qeyd edək ki, AMB-nin 10 dekabr 2025-ci il tarixdə İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.

AMB-nin 2025-ci ilin oktyabr proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.7% olacağı gözlənilir. AMB-nin baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2026-cı ildə 5.3% olacağı gözlənilirdi. Tənzimləyicinin yeni yanvar proqnozu 2026-cı ilin fevral iclasında açıqlanacaq.

2025-ci ilin dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər əvvəlki aya nisbətən 1.4 faiz, ilin əvvəlindən sonuna qədər olan dövrdə isə ötən ilin eyni dövrü ilə müqayisədə 6.8 faiz artıb.

Cari ilin dekabr ayında əvvəlki ayla müqayisədə ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin və arağın qiymətlərində qeydə alınıb. Ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün və sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.

333 scaled

2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə qiymətlər əvvəlki aya nisbətən 0.2 faiz, yanvar–dekabr aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 faiz artıb. Dekabr ayında əvvəlki ayla müqayisədə geyimlərin, məişət cihazlarının və zərgərlik məmulatlarının qiymətlərində artım, taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində isə azalma qeydə alınıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişiklik olmayıb.

2025-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymətlər əvvəlki aya nisbətən 0.3 faiz, yanvar–dekabr aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.5 faiz artıb. Ay ərzində əsas bahalaşma hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri və istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik baş verməyib.

Son xəbərlər
Digər xəbərlər