-1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda “distant iş” forması qanuniləşdirilə bilər – Əmək Məcəlləsinə dəyişiklik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvləri ilə görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazir Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi, ölkəmizdə sahibkarlığın inkişafının bütün istiqamətlər üzrə dövlət tərəfindən dəstəkləndiyini, ölkə iqtisadiyyatında özəl sektorun rolunun davamlı artmaqda olduğunu bildirib. Nazir biznes strukturları ilə sosial tərəfdaşlığa xüsusi önəm verildiyini, əmək və məşğulluq sahələrində aparılan islahatlarda sahibkarlarla sosial dialoqa əsaslanan əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

S.Babayev əmək qanunvericiliyinin əmək bazarında yaranan yeni çağırışlara, müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması prosesində də işəgötürənlərin, o cümlədən özəl sektorun nümayəndələrinin iştirakına xüsusi önəm verildiyini qeyd edib. “AmCham Azərbaycan”da təmsil olunan şirkətlərlə bu sahədə də müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını, təşkilatla nazirlik arasında mütəmadi görüşlər, müzakirələr keçirildiyini bildirib.

“AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində aparılan islahatların Palata tərəfindən maraqla izlənildiyini, nazirlik və özəl sektor arasında əmək bazarına dair islahatlara dair fikir və məlumat mübadilələri aparmağa, özəl sektorun təkliflərini təqdim etməyə imkan verən belə görüşlərin əhəmiyyətini vurğulayıb.

Görüşdə Palatanın bir sıra təklifləri, o cümlədən qanunverciliyə əmək funksiyalarının evdən yerinə yetirilməsi və distant iş ilə bağlı dəyişiklik və belə iş formasında əmək münasibətlərində hüquqi tənzimləmələrə dair təklifləri diqqətə çatdırılıb.

Bu təkliflə bağlı bildirilib ki, Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsində “distant (məsafədən) iş”, əmək funksiyalarının elektron, proqram-texniki, telekommunikasiya vasitələri əsasında işəgötürənin iş yerlərindən kənarda yerləşən, əmək funksiyalarının yerinə yetirilməsi üçün münasib olan digər yerdə, məsələn evdə, mehmanxanada və s. yerinə yetirilməsi forması nəzərdə tutulub.

Həmçinin əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtlərinin tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilməsi təklifi də layihədə əksini tapır. Eləcə də distant iş ilə bağlı əmək münasibətlərində hüquqi tənzimləmələrin formalaşdırılması, işçilərin ezamiyyətə göndərilməsi qaydalarının təkmilləşdirilməsi və s. ilə bağlı Palatanın təkliflərinə dair müzakirələr aparılıb.

Son xəbərlər
Digər xəbərlər