Dizel yanacağının satış həcmi son ildə böyük artım göstərir.
Banker.az-ın əldə etdiyi rəsmi statistikaya görə, cari ilin ilk yarısında Azərbaycanda 421 milyon 405.6 min manatlıq dizel yanacağı pərakəndə ticarət olunub. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 20% artımdır.
2021-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 350 milyon 072.8 min manatlıq bu yanacaqdan pərakəndə şəkildə ticarət olunmuşdu.
2022-ci ilin təkcə ikinci rübü ərzində (aprel-iyun) dizelin pərakəndə satışı 236 milyon 925.6 min manat olub, bu 2021-ci ilin eyni dövründə 193 milyon 115.7 min manat idi.
Dövlət Statistika Komitəsindən verilən son göstəricilərdə isə, ilin ilk yarısında neft emalı zavodlarında dizelin istehsal gücü zəifləyib. Belə ki, 2022-ci ilin ilk yarısında ölkədə cəmi 862.3 min tonluq dizel istehsal edilməklə, 2021-ci ilin analoji dövründən 30% geri qalır. İstehsalatda dizel ehtiyatının həcmi isə ölkədə cəmi 8.4 min ton göstərilir.
Qeyd edək ki, dizel mühərrikli avtomobillərin Azərbaycana gətirilməsi artmaqdadır. Məsələn, cari ilin ilk yarısında ölkə gömrüyündən 9 239 ədəd dizel mühərrikli minik avtomobili qeydə alınıb. Bu öncəki ildə cəmi 9 161 ədəd idi.
Pərakəndə ticarətin artmasına təsir edən digər amil isə 2021-ci ilin əvvəlində Tarif Şurasının dizel yanacağının hər litri üçün qiymətin 60 qəpikdən 80 qəpiyə qaldırılmasıdır.