6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda “Doing Business 2020”ə dair islahat icmalı təqdim olunub

Bu gün Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Doing Business 2020” islahatlarına həsr olunan islahat icmalının təqdimatını keçirib. Bu barədə Banker.az xəbər verir.

Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, son bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu islahatlar həyata keçirilib. Biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə” sistemi, biznesə başlama, elektrik təchizatı şəbəkələrinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar aparılıb. Bu səbəbdən Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir.

Qeyd edək ki, icmalda 11 indikator üzrə mövcud olan və daha sonra dəyişdirilən, sadələşdirilən prosedurlar haqqında da ətraflı məlumat təqdim olunub.

V. Qasımlı hər bir indikator üzrə əlavə məlumat verib. O qeyd edib ki, “Doing Business”-in biznesə başlama indikatoru üzrə hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv edilərək, prosedurun tam ödənişsiz olması müəyyən edilib. Yeni qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər, ASAN imza olmadan elektron qeydiyyat sistemində FİN kodla identifikasiyadan keçirlər. Aparılan islahatlar nəticəsində artıq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması, eyni zamanda, işçilərin ƏƏSMN-də qeydiyyatı da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür.

Tikinti üçün icazələrin alınması indikatoru üzrə tikintiyə icazə ilə bağlı bütün texniki şərtlər və rəylər sahibkarın iştirakı olmadan elektron qaydada əldə olunur. Tikinti obyektinin istismarına icazə müddəti 20 gündən 10 günə endirilib. Tikintiyə və tikinti obyektinin istismarına icazə elektron müqavilə əsasında tam ödənişsiz aparılır. Tikinti və istismar üçün icazələrin alınması “bir pəncərə” prinsipi əsasında elektron şəkildə həyata keçirilir.

Elektrik təchizati şəbəkələrinə qoşulma üzrə aparılan islahatlar nəticəsində sahibkarların şəbəkəyə qoşulma ilə əlaqədar elektron müraciət imkanı yaradılıb. Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə təkmilləşdirilmiş qaydalara əsasən sahibkarlarla təmas minimuma endirilib, şəbəkəyə qoşulma ilə əlaqədar sahibkarın iştirakı bir dəfə müraciət zamanı, bir dəfə də yekunda tikinti obyektinə elektrik enerjisinin verilməsi zamanı tələb olunur. “Elektron Xəritə” vasitəsi ilə sahibkarın obyektinin, güc mərkəzlərinin yeri və həmin mərkəzlərdə sərbəst güc səviyyəsi əraziyə baxış olmadan avtomatik onlayn qaydada müəyyən olunur.

Əmlakın qeydiyyatı üzrə aparılan islahatlar nəticəsində əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətlər “Əmlak Xidmətləri Məkanı”nda aparılır. Bir prosedurla, tərəflərin müraciəti əsasında əmlakın qeydiyyatı prosesi həyata keçirilir. Aparılan islahatlar nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən kağız çıxarış əldə olunması prosesi ləğv olunub, qeydiyyat tamamlandıqdan sonra qısa müddət ərzində elektron çıxarış onlayn olaraq göndərilir. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı problemlər üzrə müraciət və müvafiq olaraq onların həlli üçün hər biri ilə əlaqədar ayrılıqda, xüsusi və müstəqil mexanizmlər fəaliyyət göstərir.

Vergilərin ödənilməsi indikatoru üzrə görülən işlər nəticəsində işə götürən tərəfindən ödənilən sosial sığorta haqqının dərəcəsi 22 faizdən 15 faizə endirilib. ƏDV-nin qaytarılması ilə bağlı vergi orqanlarına təqdim olunmalı ərizə elektronlaşdırılıb. Vergi ödəyiciləri üçün əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanan vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəni verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılacaq. Həmçinin ƏDV-nin 3 ay ərzində geri qaytarılması müddəti aradan qaldırılıb.

Vüsal Qasımlı Doing Business hesabatının sərhəddə ticarət indikatoru üzrə əhəmiyyətli işlərin görüldüyünü vurğulayaraq əlavə edib ki, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, vaxt və vəsaitə qənaət edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar nəticəsində nəqliyyat vasitələrinin sərhədkeçmə vaxtı, o cümlədən tələb olunan sənədlərin sayı minimuma endirilib. Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydaları təsdiq edilib. Bu da “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəçilərinə idxal zamanı ölkəyə gətirilən malların şəxslərin anbarlarına birbaşa aparılması, gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən müstəqil qaydada gömrük eyniləşdirmə vasitələrinin (plombların və s.) çıxarılması və malların boşaldılması ilə bağlı üstünlüklər verir. İxrac zamanı isə bu üstünlük gömrük orqanına getmədən ixrac olunan elektron gömrük bəyannaməsini təqdim etməklə, malları bəyan etdiyi gömrük sərhəd buraxılış məntəqəsinə birbaşa göndərməsi və gömrük orqanlarının tanıdığı eyniləşdirmə vasitələrinin (plomblar, möhürlər, ştamplar və sair) müstəqil tətbiq edilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiq olunması və sahibkarlara yanaşmada risk əsaslı yoxlamaların tətbiq olunması idxal zamanı ölkəmizin mövqeyinə öz təsirini göstərib.

Kreditlərin alınması indikatoru üzrə daşınar əmlakın yüklülüyü reyestri barədə müvafiq normativ hüquqi aktlara dəyişiklik edilib. Kiçik investorların maraqlarının qorunması və müflisləşmənin həlli indikatorları üzrə qanunvericiliyə dəyişikliklər edilib, vaxt normaları müəyyən edilib. İpoteka predmetinin açıq bazarda (hərracda) satılması ilə yanaşı, elektron qaydada keçirilən hərracda da satılması qanunvericilikdə təsbit edilib. Təkrar hərracın keçirilməsi üzrə gözlənilməli müddət həddi 45 gündən 20 günə azaldılmaqla, bu sahədə operativlik və səmərəlilik artırılıb. Qeyd edək ki, Dünya Bankının hazırladığı “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb və ən islahatçı ölkə elan olunub.

Son xəbərlər
Digər xəbərlər