Azərbaycanda dövlət müəssisələrinin (DM) istiqrazlarının həcmində proqnozlaşdırıla bilən artım potensialı 1,3 milyard manatdır.
Bu barədə “Bakı Fond Birjası” QSC-nin 2024-2026-cı illər üzrə Strateji İnkişaf planında bildirilib.
Sənədə əsasən, istiqraz buraxılışına maraqlı DM-lərin müəyyən edilməsi, istiqraz emissiyasının faydalarının, emissiya prosedurunun və tələblərinin yazılı və şifahi təqdimatlar əsasında çatdırılması nəzərdə tutulub.
Eyni zamanda, bazarın alıcılıq qabiliyyətini müəyyənləşdirib, DM-lərin istiqraz emissiyalarını müvafiq şəkildə planlaşdırmasında onlara dəstək veriləcək, “Road-Show” planlaşdırılmasında və həyata keçirilməsində, eyni zamanda potensial investorların müəyyən edilməsində DM-lərlə birgə işlər aparılacaq, bazar iştirakçılarına münasibətdə bitərəflik və şəffaflıq prinsiplərinin pozulmaması nəzərə alınmaqla istiqrazların kupon dərəcələrinin adekvat dərəcədə müəyyən edilməsində və tələb olunan qayda və prosedurlara əməl olunmasında DM-lərə lazımi kömək göstəriləcək.
Sənəddə, DM-lərə davamlı dəstəyin verilməsi və normativ məlumat açıqlamalarının hazırlanmasında, eləcə də əlavə emissiya/uzadılmaların planlaşdırılmasında dəstəyin göstərilməsi, proqram fəaliyyətinin izlənilməsi, maraqlı tərəflərdən rəy toplanması və gələcək buraxılışlar üçün toplanan təcrübənin sənədləşdirilməsi də nəzərdə tutulub.