Bu il İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 5.2 min vətəndaş ipoteka krediti alıb.
Bunu Fondun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev bildirib.
Onun sözlərinə görə, borcalanlara ümumilikdə 433 milyon manat kredit verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
“Bu il verilmiş kreditlərin 30%-i güzəştli olub”, – deyə departament direktoru əlavə edib.
“İpoteka kreditlərinə tələb çox böyükdür, bu ilin əvvəlindən kredit almaq üçün Fonda rekord məbləğdə – 1.6 milyard manatlıq müraciət daxil olub. Bu isə 1 il əvvələ nisbətən 20% çoxdur. İlin sonuna Mənzil İnşaatı Dövlət Agentliyinin güzəştli mənzillərinin satışı gözləndiyi üçün, ipoteka kreditləşməsində yüksək dinamikanın davam edəcəyini gözləyirik”, – deyə o qeyd edib.
Xatırladaq ki, bu günə qədər İKZF 47 525 borcalana 2 milyard 850,029 milyon manat kredit verib.