Prezident İlham Əliyev 25 yanvar 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 7 iş günü müddətində müraciət edən şəxs yaşayış sahəsini seçəcək və yaşayış sahəsi onun tərəfindən seçildiyi gündən 7 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçiriləcək. İndiyə qədər, bu müddət 10 gün idi.
Bundan başqa, Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı tədbirlərə başladıqda kirayəçi kirayə müqaviləsi üzrə yaranmış borc məbləğini kirayə münasibətlərinə xitam verilənədək tam ödəyərsə, Fond kirayəçi ilə kirayə münasibətlərini davam etdirməlidir.