28 C
Baku
Thursday, June 5, 2025

Azərbaycanda dünyada ilk dəfə avtomatik sualtı boru kəmərlərinin təmizlənməsi sistemi tətbiq ediləcək

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz yatağının işlənməsinin ikinci mərhələsində əsas innovasiyalardan biri boru kəmərlərini mümkün çöküntülərdən təmizləmək üçün nəzərdə tutulmuş təmizləyicilərin (PIGs) buraxılması üçün avtomatik sualtı qurğunun tətbiqi olacaq.

Bu barədə “TotalEnergies Azerbaijan”ın rəhbəri Emmanuel de Giyebon 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.

“Sualtı boru kəmərinin uzunluğu və nəql olunan axının xüsusiyyətləri – qaz və kondensat qarışığı – mum çöküntüləri və hidratların əmələ gəlməsi riskini yaradır. İstismarın ilkin mərhələsində böyük ehtimalla boru kəmərinin təmizlənməsini hər ay aparmaq lazım gələcək. Bu cür əməliyyatların gəmilərin cəlb edilməsi ilə avtomatik olmayan yolla yerinə yetirilməsi əhəmiyyətli resurslar tələb edir”, – o qeyd edib.

E.Giyebonun sözlərinə görə, yeni sistem bu prosesi avtomatlaşdırmağa imkan verəcək: “Biz bir neçə təmizləyicini birdən yükləmək mümkün olacaq sualtı qurğu hazırlayırıq. Onlar hər ay bahalı dəniz əməliyyatlarının aparılmasına ehtiyac olmadan avtomatik olaraq buraxılacaq. Bu, həm əməliyyat xərclərini, həm də boşdayanma vaxtını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək”.

O vurğulayıb ki, texnologiya əvvəlcədən Braziliyada digər layihələr çərçivəsində sınaqdan keçirilib, lakin “Abşeron” yatağında sənaye tətbiqi dünyada bu cür ilk presedent olacaq:

“Biz bu konsepsiyanı təchizatçılarla birlikdə uzun illər ərzində işləyib hazırlamışıq. Bu gün biz onu burada, Azərbaycanda, “Abşeron” layihəsi çərçivəsində tətbiq etməyə hazırıq və bu təcrübəni bütün sənaye üçün istinad nöqtəsi edəcəyik”.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km cənub-şərqdə yerləşən “Abşeron” yatağı “JOCAP – Absheron Petroleum” birgə əməliyyat şirkəti tərəfindən istismar olunur. Yataqdan ilk qaz 2023-cü ilin iyul ayının əvvəlində əldə edilib.

2023-cü ilin avqust ayında Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “TotalEnergies” ilə “Abşeron” yatağında ümumilikdə 30 % iştirak payının alınması haqqında saziş imzalayıb. “TotalEnergies” və SOCAR-ın hər birinin layihədə payı 35 % təşkil edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər