Azərbaycanda elektron pul təşkilatı “Payriff” QSC-nin direktoru dəyişib.
Banker.az xəbər verir ki, həmtəsisçi Türkan Fərzəliyeva Yusif qızı elektron pul təşkilatındakı təkbaşına rəhbər vəzifəsindən ayrılıb.
Onu bu vəzifədə şirkətin əsas fiqurlarından biri Xəyal Məmmədov Elşən oğlu əvəz edib. X.Məmmədov şirkətin həmtəsisçilərindən biridir və yarandığı gündən idarəetmədə iştirak edib.
“Payriff” QSC 2021-ci ildə təsis edilsə də, Mərkəzi Bank 2024-cü ildən başlayaraq bu bazara nəzarət mandatını əldə etdikdən sonra lisenziya təqdim edib. Şirkətin hazırda 2 452 500 manat nizamnamə kapitalı mövcuddur. Şirkətin publik olaraq həmtəsisçiləri yuxarıda göstərilən iki şəxs göstərilir.
Türkan Fərzəliyeva öz sosial şəbəkə hesabında “PayRiff” QSC-də rəhbər (CEO) vəzifəsindən ayrıldığını təsdiqləyib və fevral ayından müşavir olaraq fəaliyyətimi davam etdirdiyini bildirib. Lakin o bunu “gecikmiş xəbər” hesab edir.
“CEO vəzifəsini həmtəsisçim Xəyal Məmmədov davam etdirir. İlk gündən şirkəti birlikdə idarə etdiyimiz üçün “Payriff” üçün dəyişən çox məqam yoxdur. Aprel ayının 15-dən isə uzunmüddətli rəsmi məzuniyyətdəyəm. Bu 5 ilə yaxın müddətdə mən və komandam bir çox uğurlara imza atmışıq və inanıram ki, bundan sonra da davam edəcək”- deyə, xanım Fərzəliyeva yazır.
Mərkəzi Bank may ayında məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, bundan əlavə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı müvafiq sahə üzrə qanunvricilik tələblərini rəhbər tutularaq “Payriff” QSC-yə icrası məcburi olan göstəriş verib.
Məqalə 14 may 2025 saat 09:11-də dərc edilib və 17:10-də məqaləyə yeni məlumat əlavə edilib.