2 C
Baku
Wednesday, February 26, 2025

Azərbaycanda emal sənayesi üçün qiymətlər bahalaşıb

Azərbaycanda keçən ay istehsalçıların mallar və xidmətlər üçün ödədikləri orta qiymət dəyişikliklərini ölçən İstehsalçı Qiymətləri İndeksi (PPI) ümumilikdə illik 1.7 faiz azalma göstərsə də, emal sənayesində qiymətlər yüksəlib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, PPI 2025-ci ilin yanvar ayında emal sənayesi üçün 5.5 faiz olub. Halbuki, 2024-cü ilin dekabrında bu göstərici 4.3 faiz idi. Sonuncu dəfə emal sənayesində bu qədər qiymət artımı 2023-cü ilin martında qeydə alınıb.

İstehsalçı Qiymətləri İndeksi (PPI) istehsalçıların mallar və xidmətlər üçün ödədikləri orta qiymət dəyişikliklərini ölçən göstəricidir. Bu indeks tədarük zəncirinin müxtəlif mərhələlərində baş verən qiymət dəyişiklərini izləyir və inflyasiya meyllərini müəyyən etməyə kömək edir. Azərbaycan Mərkəzi Bankı bu göstəriciyə faiz dərəcələrinə dair açıqladığı press-relizlərdə toxunmasa da, istehsalçı qiymətlərinin yüksəlməsi gələcəkdə istehlakçı qiymətlərinə təsir göstərə bilər. Üstəlik, idxal inflyasiyası da artarsa, bu, qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər.

İstehsalçı xərclərinin artması, əgər istehlakçılara ötürülə bilməzsə, şirkətlərin mənfəət marjasını azalda bilər.

Keçən ay istehsalçı qiymətləri indeksinin aşağı düşməsinə səbəb neft-qaz sənayesində 3.2 faiz azalma olub. Ümumilikdə, qeyri-neft-qaz sənayesində PPI üzrə 4.6 faiz artım müşahidə edilib.

İqtisadi fəaliyyət növləri üzrə sənaye məhsullarının istehsalçı qiymət indeksləri
əvvəlki ilin müvafiq ayına nisbətən artma/azalma, faizlə
  Yanvar
Sənaye məhsullarının istehsalçı qiymət indeksi -1.7
       neft-qaz sənayesi -3.2
       qeyri neft-qaz sənayesi 4.6
Mədənçıxarma sənayesi -3.7
xam neft və təbii qaz hasilatı -3.9
metal filizlərin hasilatı 24.5
daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı 9.5
Emal sənayesi 5.5
qida məhsullarının istehsalı 6.7
içki istehsalı 3.7
tütün məmulatlarının istehsalı 2.2
toxuculuq sənayesi 2.8
geyim istehsalı -0.5
dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı 7.0
ağac emalı və ağacdan məmulatların istehsalı 1.2
kağız və karton istehsalı -1.6
poliqrafiya fəaliyyəti 6.8
neft məhsullarının istehsalı 8.4
kimya sənayesi 5.7
əczaçılıq məhsullarının istehsalı -0.1
rezin və plastik kütlə məmulatlarının istehsalı -4.2
tikinti materiallarının istehsalı 4.2
metallurgiya sənayesi 0.1
maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı 5.3
kompüter və digər elektron avadanlıqların istehsalı -1.8
elektrik avadanlıqlarının istehsalı 4.3
maşın və avadanlıqların istehsalı 0.1
avtomobil və qoşquların istehsalı 6.8
mebel istehsalı 2.6
zərgərlik məmulatları, musiqi alətləri, idman və tibb avadanlıqlarının istehsalı -0.6
maşın və avadanlıqların quraşdırılması və təmiri -1.0
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 0.7
Su təchizatı; tullantıların təmizlənməsi və emalı 0.0
Mənbə: DSK

 

Son xəbərlər
Digər xəbərlər