2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda evlər də bahalaşdı

Ən çox yeni tikili Yasamal rayonu ərazisindədir.

Azərbaycanın ilkin mənzil bazarında 2013-cü ilin əvvəlindən start götürən və hər ay 2-3% bahalaşma ilə davam edən qiymət artımı noyabr ayında da təkrarlanıb.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən verilən məlumata görə, qiymət artımının səbəbləri müxtəlif aylarda fərqli olsa da, əsas amil hələ də daşınmaz əmlak bazarında tələbin yüksək səviyyədə qalmasıdır.

Təklifin azalması fonunda əhalinin alıcılıq qabiliyyətinin artması nəticəsində mənzillərə olan tələbat yüksəlib.

İpoteka ilə alınan mənzillərin 80%-i təkrar mənzil bazarına aid olduğundan, tələbat əsasən bu seqmentədir ki, nəticədə artım əsasən köhnə tipli mənzillərdə müşahidə olunur. Digər tərəfdən ipotekaya yönəlmiş bu mənzillər girov qoyulduğundan artıq 25 il müddətinə onların dövriyyəsi mümkün sayılmır. Bu da nəticədə daşınmaz əmlak bazarında müəyyən məhdudlaşmaya səbəb olur. Bu isə öz növbəsində ilkin mənzil bazarında tələbi artırır.

İlkin mənzil bazarına gəldikdə isə, bu seqmentdə sənədləşmə və kommunal xidmətlərlə təminat problemi mövcud olsa da, bu, mənzil fonduna olan tələbatı azaltmır. Çünki təklif, xüsusilə də münasib qiymətə (600-700 manat/1 kv.m) olan təklif azalmağa başlayıb. Bu da öz növbəsində qiymət artımına təsir edir.

Noyabrda ilkin mənzil bazarında aparılan monitorinqin nəticələri eyni dinamikanın davam etdiyini deməyə əsas verib. Ötən ay yeni tikililərin alqı-satqısında həm aktivlik, həm də qiymət artımı müşahidə edilib. Tam kommunal şəraitli (istilik sistemi və ya maye qazı), 2-3 otaqlı, orta mərtəbəli, 1 kv.m 800-1000 manat məbləğində, sənədli (çıxarışı olan) mənzillərə olan tələbat noyabrda da yüksək olub.

Nəticədə, hesabat ayında paytaxtın ilkin mənzil bazarında baş verən qiymət artımı 2,1% olub. Ucuz yaşayış mənzillərinin satış həcmində, bağlanan əqdlərin dinamikasında və qiymət indeksində artım müşahidə edilib.

Aparılan monitorinq zamanı Bakı şəhəri üzrə ilkin mənzil bazarında araşdırmaya məruz qalan çoxmənzilli binaların ümumi sayında dəyişiklik olmayıb. Paytaxtın Nərimanov və Xətai rayonlarında 2 ədəd yeni tikili satışdan çıxıb. Eyni zamanda, Nizami və Nərimanov rayonlarının hər birində 1 ədəd yeni tikili satışa daxil olub. Beləliklə, binaların sayı 395 ədəd qalıb. Tikinti şirkətlərinin sayı isə əvvəlki aydakı 123-dən azalaraq 122-yə düşüb.

Araşdırmalara əsasən, noyabr ayında ilkin mənzil bazarı üzrə qiymətlər artıma meylli olub və paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə 1 kv.m üzrə orta qiymət göstəricisi ötən aydakı 902,5 manata qarşı 2,1% artaraq 921,9 manat təşkil edib. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət artımı 4%, ötən ilə nisbətən isə 13,1% təşkil edib.

Qeyd edək ki, 2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə qiymətlər 22,8% azalıb, bu ilin əvvəli ilə müqayisədə isə 9,8% artıb. Orta qiymətdə 2,1% artım qeydə alındığından qiymət indeksi iyun ayındakı 344.4 səviyyəsindən 7,2 bənd artaraq 351.6 bənd səviyyəsində qərarlaşıb.

Ən çox yeni tikili ötən aylarda olduğu kimi, Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisindədir. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyub. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı bazarın 2/3-ni təşkil edib. Digər rayonlar üzrə tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.

Apa.az

Son xəbərlər
Digər xəbərlər