Bu gün Azərbaycanda qeydiyyatdan keçmiş Moldova kapitallı 20 fəal şirkət nəqliyyat, sənaye tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərirlər.
Bunu iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Bakıda keçirilən Azərbaycan-Moldova bizes forumunda bildirib.
Onun sözlərinə görə, ötən il iki ölkə arasında arasında ticarət dövriyyəsinin dəyəri əvvəlki ilə nisbətən 33-34 % azalaraq 10,2 milyon ABŞ dollarına düşsə də, bu il dinamika müsbətdir: “Bu ilin yanvar-fevral aylarında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 26,65 % artaraq 1,3 milyon ABŞ dollarına çatıb. Əminəm ki, biz bu müsbət tendensiyasını saxlaya biləcəyik”.
Nazir müavini qeyd edib ki, Azərbaycan və Moldova uzun illərdir ki, qarşılıqlı etimada əsaslanan konstruktiv və faydalı dialoqu davam etdirirlər:”Ölkələr arasında 67 sənəd imzalanıb, bu sənədlər ticarət-iqtisadi əməkdaşlıq, azad ticarət rejimi, ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların qarşılıqlı təşviqi və qorunması daxil olmaqla geniş sahələri əhatə edir”.
O əlavə edib ki, bugünkü biznes forum ikitərəfli əməkdaşlığa yeni təkan verəcək, hər iki ölkənin işgüzar dairələri üçün əlavə imkanlar açacaq və ölkələrimiz arasında daha da möhkəm və qarşılıqlı faydalı iqtisadi əlaqələr qurmağa imkan verəcək: “Biz müxtəlif tərəfdaşlıq formalarına, o cümlədən birgə müəssisələrin yaradılmasına, qabaqcıl texnologiyaların və həllərin tətbiqinə, təcrübə mübadiləsinə açığıq. Azərbaycan tərəfi perspektivli təşəbbüslərin təşviqində hərtərəfli dəstək verməyə və Moldova şirkətlərinin layihələrinin bazarımızda inkişafına kömək etməyə hazırdır”.