Pakistan Milli Bankının Bakı filialı 2020-ci ilin yanvar-sentyabr aylarını 315 min manat zərərlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın zərəri 297 min manat təşkil edib. Belə ki, Pakistan Milli Bankının Bakı filialının zərəri 6% artıb.
Banker.az bu barədə bankın 3-cü rübünə olan maliyyə göstəricilərinə istinadən xəbər verir.
ƏMƏLİYYAT ZƏRƏRİ EDİB
Pakistan Bankının 9 ayda cəmi gəlirləri 296 min manat, cəmi xərcləri 613 min manat olub. Xərclər gəlirləri üstələdiyindən bankın 317 min manatlıq əməliyyat zərəri yaranıb. Ötən ilin müvafiq dövründə isə bankın cəmi gəlirləri 300 min manat, cəmi xərcləri isə 647 min manat təşkil etmişdir ki, bu da 347 min manat əməliyyat zərərinin yaranması deməkdir. Beləliklə, bu il bankın əməliyyat zərəri 30 min manat azalıb.
FAİZ GƏLİRLƏRİ AZALIB
Bu ilin 9 ayı ərzində Pakistan Bankının faiz gəlirləri 268 min manat (illik müqayisədə 7% az), qeyri-faiz gəlirləri 28 min manat (2.3 dəfə çox), faiz xərcləri 13 min manat, qeyri-faiz xərcləri 600 min manat (7.3% az) olub.
2020-ci ilin yanvar-sentyabr aylarında Pakistan Bankının cəmi aktivləri 11 milyon 934 min manat olub ki, bu da illik müqayisədə 14.5% artım deməkdir. Bunun 1 milyon 189 min manatı müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 923 min manat idi. Belə ki, bankın kredit portfeli 29% böyüyüb.
Bu ilin 9 ayı ərzində bankın cəmi öhdəlikləri 2 milyon 505 min manat olub ki, bu da 2019-cu ilə nisbətən 4.3 dəfə artımdır. Bankın depozit portfeli isə 2 milyon 419 min manat təşkil edib. 2019-cu ilin eyni dövründə isə bankın depozit portfeli 565 min manat olub. Beləliklə, Pakistan Bankının depozit portfeli 4.3 dəfə artıb.
KAPİTALI AZALIB
30 Sentyabr 2020-ci il tarixində Pakistan Bankı 9 milyon 429 min manat cəmi kapitala malik olub. Bank ötən il 9 milyon 844 min manat kapitala malik idi. Beləliklə, Pakistan Bankının kapitalı 4.2% azalıb.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,4 milyon manatdır.