11 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda fərdi mənzillərin 90 faizi sığorta edilməyib

Mənzillərin müxtəlif hadisələr səbəbindən zərər görməsi tez-tez rastlaşdığımız haldır. Bu hallarda, vaxtında  riskləri doğru dəyərləndirməyən, baş verə biləcək xoşagəlməz hadisələri əvvəlcədən nəzərə almayan vətəndaşlar çətin vəziyyətə düşürlər. Əmlakı ziyan görmüş şəxs evini vaxtında sığortalamayıbsa, onun xərclərini qarşılayan olmur. Ona görə də mülk sahibi olan vətəndaşlar mənzillərini, ümumilikdə əmlaklarını sığortalatdırmağa maraq göstərməlidirlər.

Ölkəmizdə daşınmaz əmlakın sığortalanması “İcbari sığortalar haqqında”  qanunla tənzimlənir. Daşınmaz əmlakın sığortası ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün məcburidir. Qanuna əsasən, daşınmaz əmlakının icbari sığortası olmayan fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə nəzərdə tutulub. Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvanda 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvandakılara 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir. Qeyri-yaşayış obyektlərində isə sığorta tarifləri həmin əmlakın yerləşdiyi yerə, təyinatına və həcminə görə müəyyən edilir.

Qanundan irəli gələn tələblərə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində qısaqapanma, maşınların, aparatların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində subasma və digər oxşar hallar sığorta hadisəsidir. Həmçinin təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi də daşınmaz əmlakın icbari sığorta növü üzrə sığorta hadisəsi hesab olunur.

Vətəndaşların məlumatsızlığı sığortalama faizinə mənfi təsir göstərir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, ölkəmizdə evlərin və mənzillərin sığortalanması ilə bağlı əsas çatışmazlıq bu sahədə maarifləndirmə işinin yüksək səviyyədə aparılmamasıdır: “Xüsusilə bölgələrdə vətəndaşlar evlərini və ya mənzillərini sığortalamadığı üçün fövqəladə hallar zamanı dəymiş ziyanı qarşılamaqda çətinlik çəkirlər. Sığortalama isə ev sahibini gözlənilməz hadisələr nəticəsində yaranan xərclərdən azad edir, vətəndaşa dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilir. Təəssüf ki, xüsusilə bölgələrdə yaşayan vətəndaşlarımızın məlumatsızlığı sığortalama faizinə mənfi təsir göstərir. Lakin Bakı, Sumqayıt və digər böyük şəhərlərdə də mənzillərin sığortalanma faizi yüksək deyil. Bu, sığorta sahəsində yeni mexanizmlərin tətbiqini zəruri edir. Mənzil alqı-satqısı zamanı sığortalanma işi həyata keçirilsə də, bu, sonrakı mərhələdə davamlı və kütləvi xarakter daşımır. Bu baxımdan evlərin və mənzillərin sığortalanması qaydaları üzərində daim iş aparılmalıdır”.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev də qəzetimizə açıqlamasında bildirib ki, hazırda ölkə vətəndaşlarının icbari əmlak sığortasına olan yanaşması ürəkaçan deyil: “Statistikaya əsasən, respublikadakı yaşayış obyektlərinin 90 faizi, qeyri-yaşayış obyektlərinin isə 70 faizi icbari qaydada sığorta edilməyib. Bu, sığorta növü üzrə bazar potensialının böyük olduğunu göstərir. Deməli, sistemli tədbirlər nəticəsində ölkə üzrə daşınmaz əmlakın sığortalanma faizi 2-3 dəfə artırıla bilər”.
E.Mirsalayev qeyd edib ki, ümumi tələblərə görə, hazırda qeyri-yaşayış obyektlərinin daşınmaz əmlakın icbari sığortası üzrə proseslərə nəzarəti Fövqəladə Hallar Nazirliyi, yaşayış obyektlərinin icbari əmlak sığortasına nəzarəti isə yerli icra hakimiyyəti orqanları həyata keçirir: “Bununla yanaşı, ölkəmizdə sığorta sektoruna nəzarət və tənzimləmə qurumu olan Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası, o cümlədən digər sığorta iştirakçıları respublika ərazisində daşınmaz əmlakın icbari sığortası növünün təşviqi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirir, proseslərin elektronlaşdırılması ilə bağlı əsaslı addımlar atırlar. Hazırda Mərkəzi Bankın təşəbbüsü ilə daşınmaz əmlakların icbari sığortası üzrə elektron sistemin yaradılması üzərində iş aparılır. Bu sistem ölkəmizdə mövcud olan və sığortalanmamış daşınmaz əmlakların sığortaya cəlb olunmasını təmin edəcək”.

Müstərək sığorta biznesinin tətbiqi vacibdir

Hüquqşünas Əkrəm Həsənov deyib ki, ölkəmizdə daşınmaz əmlakın sığortalanması işinə maraq azdır: “Daşınmaz əmlakın sığortalanması könüllü deyil. Lakin məsələ burasındadır ki, evini və ya mənzilini sığortalamayanlar üçün cərimə nəzərdə tutulsa da, bu, yerli icra hakimiyyəti orqanları tərəfindən, demək olar ki, tətbiq edilmir. Bu, ciddi problemdir. Təxminən 3-4 il əvvəl sığorta şirkətləri binalara elan vurub, vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa dəvət edir, əks halda cərimə olunacaqlarını bildirirdilər. Təəssüf ki, bu da ciddi nəticə vermədi”.

Ə.Həsənov qeyd edib ki, ölkəmizdə sığorta şirkətlərinə etibar azdır. Onun sözlərinə görə, bunun səbəbi sığorta şirkətlərinin bir sıra hallarda sığorta ödənişini etməmək üçün bəhanələr gətirmələridir.

Mütəxəssislərin fikrincə, sığorta şirkətlərini, eləcə də vətəndaşları daşınmaz əmlakları sığortalamağa stimullaşdırmaq üçün müştərək sığorta modelindən istifadə edilməlidir. Ənənəvilikdən fərqli olaraq, müştərək sığorta modelini tətbiq edən şirkətlər vətəndaşlara əvvəlcədən məlumat verirlər ki, ödənişlərdən yığılan məbləğin müəyyən hissəsi, misal üçün 30 faizi şirkətə ayrılır, qalan 70 faizlə isə vətəndaşların sığorta xərcləri qarşılanır. Sığorta xərcləri az olduğu təqdirdə və həmin 70 faiz maliyyə vəsaiti xərclənmədiyi halda isə, qalan pul vətəndaşlara geri qaytarılır. Yaxud vətəndaş həmin vəsaitlə əmlakını növbəti il də sığortalamaq imkanı əldə edir.

Ə.Həsənov deyib ki, müştərək sığorta fərqli maliyyə modelidir: “Bu maliyyə modelindən ölkəmizdə yalnız aqrar sahədə istifadə edilir. Digər sahələrdə isə yalnız ənənəvi sığorta biznesi işləyir. Müştərək sığorta ilə məşğul olan şirkətlərin xərcləri ödəməmək üçün bəhanə gətirməyə səbəbləri olmur. Bu, həm də vətəndaşları evlərini və ya mənzillərini sığortalamağa həvəsləndirir”.

Hüquqşünas  qeyd edib ki, ənənəvi sığortalamada gözlənilməz hadisə nəticəsində dəymiş zərər digər sığorta olunanlardan yığılmış ödənişlər hesabına şirkət tərəfindən qarşılanır: “Mənzil zərər görmədiyi halda isə vətəndaşın pulu ona qaytarılmır. Təbii ki, sığorta şirkətlərinin qazanc mənbəyi də budur. Ona görə sığorta şirkətləri müəyyən hallarda xərcləri qarşılamaqdan yayınmağa çalışırlar. Bu, ənənəvi sığorta biznesinin ən təhlükəli və zəif tərəfidir”.

Görünən odur ki, ölkəmizdə daşınmaz əmlakın sığortalanması zəif inkişaf edib. Lakin mülk sahibləri bu məsələyə ciddi yanaşmalı, daşınmaz əmlaklarını vaxtında sığortalatdırmalıdırlar. Həmçinin vətəndaşlar daşınmaz əmlakın sığortalanması üçün həvəsləndirilməli, bu sahədə monitorinq və nəzarət gücləndirilməlidir.

Nəzrin QARDAŞXANOVA,
“Azərbaycan”

Son xəbərlər
Digər xəbərlər