7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda fərdi sahibkarlar da müəssisələr kimi əmlak vergisi ödəyəcək

Azərbaycanda fəaliyyət göstərən fərdi sahibkarlar, yəni hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olanlar da əsas vəsaitlərinə görə müəssisələr kimi 1% əmlak vergisi ödəyəcəklər.

Banker.az xəbər verir ki, bu barədə Milli Məclisin “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində deyilir.

Buna qədər isə, Vergi Məcəlləsində fərdi sahibkarlar fiziki şəxslər kimi müəyyən olunmuş əmsallarla vergi ödənişlərini həyata keçirirdilər.

Məsələn Bakı üzrə kvadratına 0.4 manat, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0.3 manat, digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 0.2 manat, Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 0.1 manat ödəniş həyata keçirirdilər.

Lakin, bəzi sahədə çalışan fərdi sahibkarlar üçün əvvəlki kimi əmlak vergisinə cəlb edilməyəcəklər. Belə ki, misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.

Dəyişikliyə əsasən vergitutma məqsədləri üçün müəssis kimi fərdi sahibkarlarda da əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:

  • ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;
  • məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin, peyklərin və digər kosmik obyektlərin;
  • mexaniki nəqliyyat vasitələrinin;
  • təhsil, tibb, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin.

Vergitutma məqsədləri üçün fərdi sahibkarların əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:

  • Fərdi sahibkarların əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.
  •  Fərdi sahibkarların hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna balans üzrə qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.
  • Fərdi sahibkarlar hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.

Həmçinin, fərdi sahibkarlar da əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməlidir. Belə ki, müəssisə ilə yanaşı, fərdi sahibkar əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verməlidir.  Həmçinin fərdi sahibkar fəaliyyətinin ləğvi hallarında vergi uçotundan çıxarılma barədə ərizənin verildiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.

Son xəbərlər
Digər xəbərlər