Ötən gün Fransa Senatı “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul etdi. İndi isə bir çox ekpertlər Fransa senatının qəbul etdiyi mənasız, hüquqa zidd sənədinə Azərbaycanın “sərt reaksiya” verməyi təklif edir.
2022-ci ilin ilk 9 ayında Azərbaycan Fransaya cəmi 48 mln.691 min dollarlıq mal-məhsul (əsasən neft) ixrac edib – bu ölkənin həmin dövrdə ixracının cəmi 0.16%-dir.
Eyni dövrdə Fransa Azərbaycana 170 mln. 182 min dollarlıq mal-məhsul ixrac edib ki, bu da ölkəmizin idaxalının cəmi 1.65%-dir.
Bu sərt reaksiyanın verilməsini istəyənlərdən biri də iqtisadçı Natiq Cəfərlidir.
O bildirir ki, Azərbaycan Fransaya mal satmamaq, oradan da mal almasaq heç bir təsiri olmayacaq.
“2021-ci ildə Fransanın ümumi ixracı 585 mlrd. dollar olub, indi Azərbaycan 200 mln. dollar mal almasa nə olacaq?! Heç nə, hətta biz onlara 50 mln. dollarlıq neft satmasaq da Fransaya heç bir təsiri olmayacaq”.
N.Cəfərliyə görə, Fransaya təsir edəcək məsələlərdən biri Azərbaycanda çalışan Fransız şirkətləridir – bu ölkənin 300-ə yaxın şirkəti ölkəmizdə işləyir.
“Aralarında “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Total”, “Lafarge-Holcim” kimi tanınmış, öz lobbi qrupları olan, Fransa siyasətinə təsir edə biləcək şirkətlər də var”.
Natiq Cəfərli təklif edir ki, Azərbaycan hökuməti həmin şirkətləri dəvət edib onlarla danışmalı, onların Fransa siyasətinə təsir mexanizmlərindən istifadə etməyi öyrənməlidir. Cəfərli əlavə edib ki, hökumət “şirkətlərlə sərt danışmağı yaxşı bacarır”.
“Biz nə etsək də, Fransanın mövqeyini kökündən dəyişə bilməyəcəyik, bunun obtektiv-subyektiv səbəbləri var – oan görə də, Azərbaycan hökuməti özünü və bizi aldadıb, güya, “Fransa mövqeyini dəyişəcək”, adıyla həmin ölkədə kilsə-muzey, park təmirindən vaz keçib milyonlar xərcləməyi dayandırmalıdır. Bu yol işləmir, hökuməti, “hər şeyi pulla həll edərik”, yanaşması Fransada çalışmır-çalışmayacaq”- deyə, o bildirir.
Fransaya təsir edə biləcək ən böyük addımlardan biri isə bu ölkənin dünyanın müxtəlif bölgələrində digər ölkələrlə rəqabəti zamanı rəsmi Parisin rəqiblərini dəstəkləməkdir.
“Fransaya təmirə milyonlar xərcləməkdənsə, rəsmi Parisin rəqiblərinə Afrika, Asiya ölkələrində milyonlar xərcləmək daha məntiqlidir, özü də ki, dünyanın bu bölgələrində Fransanın açıq-gizli rəqibi həmişə Böyük Britaniya olub, niyə də ingilis dostlarımızı daha yaxından dəstəkləməyək?!”- deyə, N.Cəfərli bildirib.
Xatırladaq ki, Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.
Bundan əlavə, qətnamə layihəsində milyonlarla azərbaycanlının 30 illik işğal ərzində fundamental insan hüquqlarından məhrum olunduqları, müharibə cinayətlərinə məruz qaldıqları və digər faktların nəzərə alınmadığına, Azərbaycana isə təcavüzkar rolu ayrıldığına diqqət cəlb edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi buna dair açıqlama verərək bildirib ki, Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.
Milli Məcləsin sədri Sahibə Qafarova deyib ki, Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat hazırlayacaq.