2026-cı ildə Azərbaycanda qeyri-dövlət müəssisələrinə 77,4 milyon manat subsidiya proqnozlaşdırılıb.
Bu barədə Hesablama Palatasının “2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, bu subsidiyaların inzibati təsnifat üzrə təhlili ən yüksək payın (40,4 %) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olacağını göstərib.
Belə ki, 2026-cı ildə müvafiq quruma Dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması xərcləri üzrə 31,3 milyon manatın “Qeyri-dövlət müəssisələrinə subsidiyalar” adı altında ayrılacağı proqnozlaşdırılır. Bu paraqraf üzrə azalma əsasən İctimai Televiziya və Radio Yayımları Şirkəti üzrə nəzərdə tutulmuş 21,8 milyon manatın növbəti ildə ödənişinin xəzinənin müşayiəti ilə aparılması və bunun nəticəsi olaraq proqnozlaşdırılan vəsaitin xərclərin iqtisadi təsnifatının aidiyyəti üzrə müxtəlif paraqraf, maddə və yarımmaddələri üzrə vəsaitin proqnozlaşdırılması, həmçinin aqrar sığorta haqlarının dövlət büdcəsi hesabına ödənilməsi ilə bağlı xərclərdə optimallaşdırılmanın aparılması və digər səbəblərlə bağlı olub.

                                    




