2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən seçkilərin keçirilməsinə 35,1 milyon manat vəsait ayrılacaq.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 55,7% azdır.
Xatırladaq ki, Azərbaycanda gələn il yanvarın 29-na növbəti bələdiyyə seçkiləri təyin edilib.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi “2025-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.
Gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4% çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2% çox) olacağı gözlənilir.
Son nəticədə büdcədə ÜDM-in 2,4%-i qədər – 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.