Gömrük-biznes münasibətlərində yaranan hüquqi mübahisələrin səmərəli həlli üçün xüsusi məhkəmə təsisatlarının yaradılması vacib əhəmiyyət kəsb edir.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov “Sahibkarlar Günü” və 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə keçirilən “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, bu istiqamətdə fikir mübadiləsi aparılması məqsədəuyğundur:
“Gömrük sahəsində yaranan mübahisələrin məhkəmə orqanlarında müzakirəsi bizim üçün prioritetdir. Məhkəmə qərarları hüquqi cəhətdən əsaslı olmalı və onların icrası təmin edilməlidir”, – deyə Ş.Bağırov bildirib.
Komitə sədri, həmçinin 2024-cü ildə sərhəd keçidində və gömrük prosedurlarında sadələşdirmə istiqamətində əldə olunan irəliləyişlərdən də danışıb.
“Sərhəddə qeydiyyat müddəti 62 %, sərhədkeçmə prosesi 29 %, rəsmiləşdirmə müddəti 17 %, fiziki yubanmalar isə 24 % azaldılıb”, – deyə o vurğulayıb.
Ş. Bağırov əlavə edib ki, gömrük rüsumları və vergilərdən daxilolmalar dövlət büdcəsinin mühüm hissəsini təşkil edir:
“2024-cü ildə toplanan gömrük rüsumları və vergiləri dövlət büdcəsinin 17,9 %-ni, ümumi daxili məhsulun isə 5,3 %-ni təşkil edib. 2023-2024-cü illərlə müqayisədə bu göstərici 4,9 % artaraq 6 milyard 648 milyon manata çatıb”.